Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da sumqayıtlı abituriyentlərlə görüş keçirildi
SDU-da sumqayıtlı abituriyentlərlə görüş keçirildi

İyulun 8-də Sumqayıt Dövlət Universitetində ölkə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş sumqayıtlı abituriyentlərlə görüş keçirildi.
Universitet rəhbərliyi, həmçinin fakültə dekanlarının iştirakı ilə baş tutan görüşü SDU-nun rektoru dosent Rüfət Əzizov açaraq abituriyentləri salamladı. Görüşün abituriyentlərin SDU ilə tanışlıq məqsədi daşıdığını qeyd edən rektor bildirdi ki: “Universitetimizlə tanışlıq sizin hər birinizdə SDU haqqında dolğun təəssürat yaradacaq və təhsilinizi hansı ali təhsil müəssisəsində almağınızla bağlı qərarınızda öz sözünü deyəcəkdir”.
Universitetin şəhərdəki sənaye mərkəzləri və digər təşkilatlarla qurulan əməkdaşlıq əlaqələri barədə danışan Rüfət Əzizov həmin əməkdaşlığın universitet tələbə və məzunlarının həyatında oynadığı rol barədə danışdı. Rektor SOCAR Downstream və strukturdakı Azərikimya İB, SOCAR Karbamid, SOCAR Polymer, Sumqayıt Texnologiyalar Parkı (STP), BP, Azertexnolayn və Technol şirkətləri, Gilan Tekstil, Nobel Energy, Azersun Holdinqə məxsus zavod-fabriklər, həmçinin Azərişıq ASC, Azərenerji ASC, Kapital Bank və digər təşkilatlarla əməkdaşlığın tələbələrimizə ancaq təcrübə keçməkdə deyil, onların gələcək karyeralarında oynadığı rol barədə söhbət açdı.
SDU-nun tələbəyönümlü siyasəti barədə danışan Rüfət Əzizov ali təhsil almaq üçün universitetimizi seçən hər bir tələbəyə keyfiyyətli təhsil ilə paralel olaraq geniş imkanlar təqdim edildiyini diqqətə çatdırdı. 2024/25 - ci tədris ilində universitetdə istər bakalavriat, istərsə də magistratura səviyyəsi üzrə fəaliyyətə başlayacaq SABAH qrupları barədə məlumat verən rektor bu qrupların artıq brendə çevrildiyini qeyd etdi, bu tədris ilində magistratura proqramları üzrə təhsil alanların 115-dən 264 nəfərə çatdığını vurğuladı. SDU-nun bir sıra xarici universitetlərlə əməkdaşlığının tələbələrə beynəlxalq təcrübə proqramlarında iştirak etmək, müxtəlif mübadilə proqramları çərçivəsində xaricdə təhsil almaq və elmi təcrübə keçmək imkanı qazandırdığını qeyd edən rektor Rüfət Əzizov onların müxtəlif təcrübə proqramlarında və təlimlərdə peşəkar bacarıqlarını inkişaf etdirdiklərini bildirdi.
Daha sonra universitetdəki fakültələrin təmsilçiləri fakültələr barədə geniş məlumat verdilər.
SDU-nu seçməyin niyə cəlbedici olduğunu bir neçə aspektdə əsaslandıran İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva görüşdə iştirak edən gəncləri ali təhsil almaq üçün SDU-nu seçməyə çağırdı.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxışında abituriyentlərin universitet rəhbərliyi və onun ictimaiyyəti ilə görüşünün təşkil olunmasında əməyə görə Xızı-Abşeron Regional Təhsil İdarəsinə və onun rəhbərliyinə təşəkkür etdi. Gəncliyin hər bir xalq və dövlətin ümid yeri olduğunu bildirən Elmar Xəlilov istedadlı və çalışqan tələbələrin inkişafı üçün universitetdə hər cür şəraitin yaradıldığını, bu ildən qəbul imtahanlarında 500-dən artıq bal toplayan tələbələrə əlavə olaraq SDU tərəfindən 200 manat təqaüd veriləcəyini bildirdi.
Daha sonra SDU əməkdaşlarının iştirakı ilə abituriyentlər universitetin fakültələrində və müxtəlif sosial strukturlarında oldular.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az