Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da görkəmli alim Ramazan Məmmədovun 80 illik yubileyi qeyd edildi
SDU-da görkəmli alim Ramazan Məmmədovun 80 illik yubileyi qeyd edildi

 İyulun 1-də Sumqayıt Dövlət Universitetinin görkəmli alimi, pedaqoq, professor Ramazan Məmmədovun 80 illik yubileyi qeyd edildi.
SDU-nun rektoru dosent Rüfət Əzizov professor Ramazan Məmmədovu qəbul edərək yubiley münasibətilə təbrik etdi, yubilyarın keçdiyi həyat yolundan, universitetdəki pedaqoji və dilçilik istiqamətindəki xidmətlərindən bəhs etdi və yubilyarı Fəxri fərmanla təltif etdi.
Rektor çıxışında bildirdi ki, Ramazan Məmmədov ömrünün çox hissəsini Sumqayıt Dövlət Universitetində rus dilinin tədrisinə, yüksək ixtisaslı dilçi kadrların yetişməsinə həsr edərək, ölkəmizin dilçilik elminin inkişafına böyük töhfələr verib, məhsuldar fəaliyyəti, yaradıcılığı, müdrikliyi və sadəliyi ilə kollektivin hörmət və ehtiramını qazanıb.
Çıxış edən həmkarlar da geniş dünyagörüşünə, dərin biliklərə sahib olan Ramazan Məmmədovun elmi fəaliyyətindən söz açaraq onunla bağlı xatirələrini bölüşdülər.
Professor Ramazan Məmmədov ona ünvanlanan təbriklərə görə universitet rəhbərliyinə, kolllektivə minnətdarlığını bildirdi.
Qeyd edək ki, professor Ramazan Məmmədov 1944-cü il iyulun 1-də Qax rayonunun Qum kəndində anadan olub. 1968 - 1973-cü illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda orta məktəbdə rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış, dərs əlaçısı, Lenin təqaüdçüsü olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, Elmi Şuranın qərarı ilə Rus dilinin fonetikası kafedrasında işləmək üçün institutda saxlanılmışdır. 1991-ci ilədək baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, “Azərbaycanlıların rusca nitqində fonetik interferensiya” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1980-1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında elmi-pedaqoji ezamiyyətdə olmuş, Kabil Universitetində eyni vaxtda dosent, kafedra müdiri, universitet partiya təşkilatının katibi, Əfqanıstanda Rus dilinin tədrisi üzrə Metodik Birləşmənin sədr müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində dosent, professor, kafedra müdiri vəzifələrini icra edərək, 2014-cü ildən 2023-cü ilədək SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsini icra etmişdir. Hal-hazırda Xarici dillər kafedrasının professorudur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur.
Professor Ramazan Məmmədovun elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır. O, 1988-ci ilin fevralında erməni və ermənipərəst millətçi-separatçı qüvvələr tərəfindən törədilmiş kütləvi iğtişaşların elmi-sosioloji tədqiqində bu faciəvi hadisələrin Azərbaycan-Ermənistan - Dağlıq Qarabağ qarşıdurması ilə bağlılığı problemini araşdırmışdır. Problemə həsr edilmiş və Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş bir sıra silsilə məqalələrin, konfrans materiallarının və 7 monoqrafiyanın müəllifidir. Qəlbi vətən, torpaq sevgisi ilə döyünən vətəndaş alimin əməyi daima yüksək qiymətləndirilmişdir. Müxtəlif illərdə respublika, ittifaq və xarici ölkə səviyyəli tərifnamələrlə, Fəxri fərmanlarla, 1965-ci ildə “XX let Pobedı v Velikoy Oteçestvennoy voyne” Yubiley medalı ilə, 1984-cü ildə Əfqanıstan Respublikasının “Eftexor” ordeni ilə, 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Ramazan Məmmədov Moskva Beynəlxalq Təhsil Salonunun Təbii Biliklər Akademiyasının Elmi-Kəşfiyyat Mərkəzi” nin diplomuna layiq görülüb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az