Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU - da “Biz narkotikə yox deyirik” mövzusunda ictimai mühazirə təşkil edilib
SDU - da “Biz narkotikə yox deyirik” mövzusunda ictimai mühazirə təşkil edilib
 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlər keçirilir. Bu istiqamətdə iyunun 27-də Sumqayıt Dövlət Universitetində tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Biz narkotikə yox deyirik” mövzusunda ictimai mühazirə təşkil edildi.
Mühazirəni universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramından danışdı və bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı. Sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizədə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirdi.
Sonra Təbiət elmləri fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilov çıxış edərək narkomaniyanı əsrin ən böyük bəlası, sosial fəlakət adlandırdı, cəmiyyətə vurduğu ağır zərbələrdən söz açaraq ona qarşı mübarizənin günün ən vacib məsələsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinə, yaxınlarına da maddi-mənəvi mənfi təsir göstərir.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi İlhamə Şammədova narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizə üsulları və digər məsələlər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərlə profilaktik tədbirlər görmək lazımdır. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və s. məqamlara xüsusi diqqət yetirmək gərəkdir.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az