Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da COP29 çərçivəsində “İşğaldan azad olmuş ərazilərdə toponimlərin ekologiyası” mövzusunda seminar keçirildi
SDU-da COP29 çərçivəsində “İşğaldan azad olmuş ərazilərdə toponimlərin ekologiyası” mövzusunda seminar keçirildi
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına əsasən Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrası tərəfindən 29 may 2024-cü il tarixində “İşğaldan azad olmuş ərazilərdə toponimlərin ekologiyası” mövzusunda seminar keçirildi.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli seminarı giriş sözü ilə açıq elan edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması məsələsindən söz açdı. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edildiyini və ekosistemin bərpa olunduğunu diqqətə çatdırdı.
Qeyd edək ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilmişdir. Bu istiqamətdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Əzəmət Rüstəmov “Zəngəzur toponimlərinin ekoloji mənzərəsi”, kafedranın baş müəllimi Elnarə Əhmədova “Qubadlı toponimlərinin ekolinqvistik təhlili”, dissertant Mahirə Rahtari “Azad edilmiş ərazilərdə mikrotoponimlərin semantik növləri: dini və mifoloji mikrotoponimlər (Qubadlı toponimləri əsasında)” mövzularında çıxış etdilər.
Mərzulərdə qeyd olundu ki, toponimlər çoxəsrlik və mürəkkəb bir tarixi prosesin məhsulu olmaqla, müəyyən bir ərazinin qədim sakinlərinin təbii-coğrafi mühitlə qarşılıqlı münasibətlərini əks etdirən yer adlarıdır. Toponimlər aid olduğu xalqın coğrafi arealı, milli mənsubiyyəti, dini-fəlsəfi görüşləri, inancları, dili, yaradıcı təfəkkürü, məişəti, mədəni irsi ilə sıx bağlıdır. Azərbaycan toponimlərinin toplanılması, linqvistik, ekstralinqvistik, tarixi aspektlərdə və təbii-coğrafi regionlar üzrə öyrənilməsi mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. Belə ki, ancaq toponimik tədqiqatlarla dilçilik, tarix və coğrafiyaya aid mürəkkəb və mübahisəli məsələləri müəyyənləşdirmək mümkündür. Yazıya qədərki dövrün dilinin müəyyənləşdirilməsində, müxtəlif etnik birliklərin nə vaxt və harada məskunlaşdığını göstərməkdə coğrafi adlar canlı sənəd rolunu oynamaqla evəzedilməz, mötəbər, həm də ilkin mənbələrdəndir. Xalqın tarixinin, etnogenezinin formalaşmasında toponimikanın oynadığı rol arxeologiya
elminin oynadığı roldan az deyildir. Bu mənada toponimlər hər hansı xalqın pasportu rolunu oynayır. Tarixən mövcud olmuş, zamanla müxtəlif tarixi-siyasi səbəblərdən məhvə məhkum olan, yaxud dominant xalqlar tərəfindən assimilə edilən bəzi etnoslar tarixin səhifələrindən silinsə də, onların adları, yaxud həyat tərzinin müəyyən məqamlarını əks etdirən sözlər toponimlərdə daşlaşaraq dövrümüzə qədər gəlib çatır. Bu baxımdan toponimlər bir xalqın keçmişini öyrənmək üçün ən sanballı mənbələr hesab edilir.
Seminar mövzu ilə bağlı müzakirələrlə yekunlaşdı.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az