Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi
SDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi

Mayın 27-də Sumqayıt Dövlət Universitetində “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, 23 aylıq fəaliyyəti dövründə dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında geniş məlumat verdi. Bildirdi ki, 1918-ci ilin 28 mayında Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə dövlətçilik baxımından bu qısa müddət ərzində genişmiqyaslı demokratik islahatlar həyata keçirdi, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul etdi.
Müasir müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu diqqətə çatdıran prorektor onu da bildirdi ki, bugünkü müstəqil Azərbaycan onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. Ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir.
Bu siyasi ənənə Ulu Öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamları, Müstəqillik Günü haqqında 15 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu AXC-nin fəaliyyətinə verilən dəyərin göstəricisidir.
Bununla yanaşı, bu gün qürur duyuruq ki, artıq dördüncü ildir 28 May -Müstəqillik Gününü ərazi bütövlüyümüzün bərpa olunması şəraitində qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağı artıq işğaldan azad olunmuş torpaqlarımızda doğma Qarabağda dalğalanır.
Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Leyla Əliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyəti” mövzusunda məruzə etdi. Məruzə ətrafında Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Fəridə Cəbrayılova “Azərbaycan Xalq Cümhuriyyətinin erməni millətçiliyinə qarşı mübarizəsi”, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova “Azərbaycan Xalq Cümhuriyyətinin maarif və mədəniyyət sahəsində tədbirləri”, SDU THİK-in sədri Elmin Novruzlu “Azərbaycan Xalq Cümhuriyyətinin gənclər siyasəti” mövzularında çıxış etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan danışdılar. Bildirdilər ki, XX əsrin sonlarında yenidən azadlığına qovuşan Azərbaycan Ulu öndər Heydər Əliyevin dövlətçiliyin qorunması üçün həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində müstəqilliyini qoruyub saxlamağı bacardı. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az