Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tanınmış ədəbiyyatşünas alim Rafiq Yusifoğlunun 18 cildlik “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi
Tanınmış ədəbiyyatşünas alim Rafiq Yusifoğlunun 18 cildlik “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi
 Mayın 24-də Sumqayıt Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə Filologiya fakültəsinin professoru, Əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas alim Rafiq Yusif oğlu Əliyevin 18 cildlik “Seçilmiş əsərləri” nin təqdimatı keçirildi.
Təqdimatda Rafiq Yusifoğlunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva Rafiq Yusifoğlunun yaradıcılığı və müəllimlik fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki: “bu gün bir görkəmli şair, ədəbiyyatşünas alimin, müəllimin işığına yığışmışıq. O, işıq ki, bizi keçmişimizə, dünənimizə, bu günümüzə və sabahımıza aparır. Onun zəngin yaradıcılığı və fəaliyyəti, vətənpərvərliyə hesablanmış bir ömrü 18 cildlik “Seçilmiş əsərləri”ndə cəmlənir. O, öz əsərləri və yetirmələri ilə bir elmi məktəb yaradıb. Rafiq müəllimin rəhbərliyi ilə çoxlu sayda proqramlar, metodik vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazılmış, elmi kadrların hazırlanmasında, müəllim ordusunun yetişməsində böyük zəhməti olub. Gördüyü işlərlə, əməksevərliyi və təvazökarlığı ilə universitet kollektivinin rəğbətini qazanıb”.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru, Azərbaycan Yazıçılar Birliyi Poeziya sektorunun rəhbəri, tanınmış şair-tərcüməçi İbrahim İlyaslı və universitetin professorları: Avtandil Məmmədov, Ramazan Məmmədov, Nigar İsgəndərova, Astan Bayramov, Adil Baxşəliyev, dosentlər Törə Məmmədova, Nemət İbayev və Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Şəms Məmmədli çıxış edərək Rafiq Yusifoğlunun zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söz açıblar.
Sonra tələbələr Rafiq Yusifoğlunun şeirlərindən nümunələr səsləndiriblər.
Sonda 18 cildlik “Seçilmiş əsərləri” nin bir nüsxəsini Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasına bağışlayan Rafiq Yusifoğlu görüşün keçirilməsindən məmnunluq hissi duyduğunu bildirərək təşkilatçılara və tədbirdə iştirak edənlərə minnətdarlığını ifadə edib və bundan sonra da poeziyamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, ədəbi-elmi fəaliyyətinin bütün dövrlərində Rafiq Yusifoğlunun yaradıcılığında ən aparıcı yeri poeziya tutmuşdur.
İndiyə qədər onun xeyli sayda şeir kitabları işıq üzü görmüş, çoxsaylı oxucuların və ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. Şairin ayrı-ayrı vaxtlarda nəşr edilən “Ocaq yeri”, “Qəm karvanı”, “Həsrət köçü”, “Təzə sevdalara doğru”, “Ömür ağacından düşən yarpaqlar”, “Arzular kəhkəşanı”, “Ayrılığın qəm hasarı”, “Sevdalı sabahlar”, “Eşqin qarlı yollarında”, “Üçüncü qərinə”, “Sevdalı ömür yaşadım”, “Zəfər dastanı” və s. şeir kitablarında onun rəngarəng mövzulu və janrlı poetik əsərləri nəşr edilmişdir. Rafiq Yusifoğlunun “Seçilmiş əsərləri”nin 18 cildliyi müəllifin keçdiyi keşməkeşli, axtarışlarla dolu yaradıcılıq yolu haqqında dolğun təsəvvür yaradır.Təbii ki, Rafiq Yusifoğlunun yaradıcılığının ən aparıcı qollarından birini uşaq ədəbiyyatı təşkil edir. Şairin uşaqlar üçün xeyli sayda şeir kitabları nəşr olunmuş, əsərləri dərsliklərə salınmışdır. O, həmçinin “Göyərçin” uşaq jurnalının baş redaktorudur.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az