Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Magistrantların XXIV Respublika elmi konfransı öz işinə başlayıb
SDU-da Magistrantların XXIV Respublika elmi konfransı öz işinə başlayıb
 Mayın 16-da Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Magistrantların XXIV Respublika elmi konfransı keçirildi.
Konfransda respublikamızın elm və təhsil müəssisələrinin magistrantları, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edirdilər.
Əvvəlcə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru dosent Rüfət Əzizov və Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək ona dərin ehtiramlarını bildirdilər.
Böyük Akt zalında davam edən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev konfransın proqramı barədə məlumat verdi. Qeyd etdi ki, iki gün davam edəcək Magistrantların XXIV Respublika elmi konfransı öz işini 13 bölmədə davam etdirəcək. Konfransa ümumilikdə 19 elm və təhsil müəssisəsindən 560 tezis daxil olmuş, onlardan Plagiat yoxlanmasından sonra 519 tezis qəbul olunaraq konfrans materialları toplusu şəklində çap olunmuşdur.
Dosent Elşad Abdullayev konfransda Sumqayıt Dövlət Universiteti- 221, Bakı Slavyan Universiteti - 201, Odlar Yurdu Universiteti - 42, Azərbaycan Dövlət Aqrar Universiteti – 25, Azərbaycan Texniki Universiteti – 7 və digər elm və təhsil müəssisələrinin iştirak etdiyini bildirdi.
Konfransda SDU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək qonaqları və iştirakçıları salamladı, onları universitetdə görməkdən məmnunluğunu ifadə edərək gənclərin elmi işlərə cəlb edilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universiteti artıq 24-cü ildir ki, Magistrantların Respublika Elmi Konfransına ev sahibliyi edərək gənc tədqiqatçılara geniş imkanlar açır və dəstək olur. Bu da magistrantlarda elmə, elmi tədqiqatlara olan marağı daha da artırır.
Rektor həmçinin universitetdə gənclərin inkişafı və gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, elmin maliyyələşdirilməsinin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, beynəlxalq əlaqələrin inkişafı və s. dövlət siyasətinin əsas prioritetləridir. Bu istiqamətdə klassik
universitet modelinə malik SDU-da elmin inkişafı, dünya elminə inteqrasiyası və elmi-tədqiqat istiqamətində böyük işlər aparılır. Tədqiqat yönümlü bacarıqların artırılması üçün təşviq proqramlarının hazırlanması və həyata keçirilməsi istiqamətində addımlar atılır. Bu baxımdan SDU elmi tədqiqat institutları ilə əməkdaşlığını uğurla davam etdirir.
Rektor həmçinin BP-nin dəstəyi ilə SDU-da yeni magistr proqramına start verildiyini, SABAH.HUB və Sumqayıt Dövlət Universiteti ilə ortaq MBA proqramının tədrisi barədə məlumat verdi və konfransın işinə uğurlar arzuladı.
Konfransda BSU-nun rektoru Anar Nağıyev çıxış edərək ənənəvi olaraq hər il SDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən konfransın yüksək səviyyədə təşkilindən və gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı, rəhbərliyə və təşkilatçılara dərin təşəkkürünü ifadə etdi.
Plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verildi. Sumqayıt Dövlət Universitetinin I kurs magistrantı Ayşə Əmrahova və Bakı Slavyan Universitetinin II kurs magistrantı Sezər Məmmədli çıxış edərək elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan, habelə, bu iki sahənin davamlı inkişafının hərəkətverici qüvvəsi olan gənclərin rolundan, o cümlədən dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar.
Bədii hissədən sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az