Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nu seçmək üçün 5 səbəb
Yerləşdirilmə tarixi : 30 Aprel 2024 15:15
SDU-nu seçmək üçün 5 səbəb
 1: Sənayenin mərkəzində yerləşən universitet
SDU ölkəmizin sənaye mərkəzi olan 500 minlik Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsidir. Bu isə SDU tələbələri üçün ilk kurslardan sənaye təcrübələrinə yiyələnmək üçün geniş imkanlar yaradır. Nəzəri biliklərin istehsalat təcrübəsi ilə möhkəmləndirilməsi sürətli karyera inkişafının təməlini təşkil edir.
Bununla da məzunlarımız “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” MMC, “Аzərikimyа” İstеhsаlаt Birliyi, “SOCAR Polymer” MMC, “SOCAR Karbamid” MMC, “Azertexnolayn” MMC, “Gilan Tekstil Parkı” MMC, “ALCO” MMC, “Azersun Holding” MMC, “Technoil” MMC, “Azərişıq” ASC, “AzərEnerji” ASC-də və digər müasir texnologiyalarla təchiz olunmuş müəssisələrdə iş imkanlarına bir addım daha yaxın olurlar.
 
2: Pedaqoji ixtisaslarda müasir yanaşmalar
Universitetimizdə kadr hazırlığı çoxprofillidir və pedaqoji ixtisaslar üzrə kadr hazırlığı böyük çəkiyə malik istiqamətlərdəndir. Belə ki, universitetin ümumilikdə 6200-ə yaxın tələbəsinin təxminən 30 %-i pedaqoji ixtisaslarda təhsil almaqdadır. 
2024/25-ci tədris ilindən başlayaraq, SDU-da son dövrlərdə pedaqoji kadr hazırlıqlarına olan tələblərin bütünlükdə tədris prosesinə inteqrasiya olunması nəzərdə tutulmaqdadır. Günümüzdə pedaqoji kadrlar öz fənnini bilməklə yanaşı, çoxsaylı pedaqoji və metodiki yanaşmalardan istifadə edərək təhsilalanlara həmin fənni düzgün çatdıra bilməlidirlər. Bu baxımdan gələcəyin müəllimləri hüquqi savadlılıq və fənn kurikulumlarının tətbiqi ilə yanaşı həm də pedaqoji və psixoloji kompetensiyalara yiyələnməlidirlər. Ölçmə və qiymətləndirmə növləri (diaqnostik, formativ, summativ), beynəlxalq qiymətləndirmələr (PISA, TIMMS, PIRLS, TALIS və s.), diferensial təlim, interaktiv dərsin xüsusiyyətləri, məzmun standartları, təlim modelləri (layihə əsaslı, oyun əsaslı, tədqiqat əsaslı öyrənmə və s.), təlim strategiyaları və texnikaları, səmərəli öyrənmə mühitinin təşkili, onlayn tədris, sinfin idarəedilməsi mexanizmləri, effektiv müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi mövzularda bilik və bacarıqlara sahib olmalıdırlar. Eyni zamanda, pedaqoji ixtisaslarda oxuyan tələbələrin aşağı kurslardan etibarən pedaqoji təcrübəyə cəlb olunması nəzərdə tutulmaqdadır. 
Artıq SDU-da bu müasir çağırışlara uyğun olan pedaqoji təhsil almaq mümkün olacaqdır. Əmək bazarındakı tələbatı nəzərə alaraq universitetimizdə 2024/25-ci tədris ilindən ingilis dilində kimya və riyaziyyat müəllimliyi ixtisaslarının tədrisinə başlanılacaqdır. Müəllim hazırlığında müasir tendensiyalar nəzərə alınmaqla tələbələrin əlavə MİQ (Müəllimlərin İşə Qəbulu müsabiqəsi) üzrə hazırlığı da tədris prosesində nəzərə alınacaqdır.
 
3: Yeni məzmunlu SABAH magistratura proqramları
Növbəti tədris ilindən ölkə üzrə SABAH qrupları çərçivəsində müxtəlif ixtisaslar sahəsində magistratura təhsili verəcək ali təhsil müəssisələrinin sırasına Sumqayıt Dövlət Universiteti də qoşulacaqdır. Elm və Təhsil Nazirliyinin 2021-ci ildən başlatdığı SABAH qrupları layihəsinin magistratura hazırlığına yeni tədris ilində universitetimiz “Kibertəhlükəsizlik”, “Kompüter mühəndisliyi” və “Data Analitika” ixtisasları üzrə qəbulla başlayır.  
SABAH magistratura proqramları çərçivəsində əmək bazarının tələblərinə uyğun yeni məzmunlu proqramların hazırlanması, yüksək potensiallı kompüter laboratoriyalarının  qurulması, tədrisə iş dünyasından mütəxəssislərin cəlb olunması, həmçinin magistrantların tərəfdaş sənaye müəssisələrində təcrübə keçmələri və elmi işlərinin iş dünyasından gələn tədqiqat mövzularına əsaslanması nəzərdə tutulub.  
Magistrantlar üçün geniş spektrdə dərsdənkənar fəaliyyətlər də keçiriləcəkdir. Bu fəaliyyətlərdə beynəlxalq sertifikasiya imtahanlarına hazırlıq, xarici ekspertlərin iştirakı ilə müasir trendlərlə bağlı seminar və təlimlər, innovativ layihələrdə və startap müsabiqələrində iştirakın təşkili planlaşdırılmışdır. 
Proqramın daha da əlçatan olması üçün dərslərin modul əsaslı olaraq keçirilmə vaxtı müəllim ilə tələbələr arasında müəyyən olunacaqdır. 
Dərslərin həftə içi saat 19:00-dan sonra və ya şənbə günləri keçirilməsi də mümkündür.       
Təqdim etdiyimiz ixtisaslar üzrə magistratura səviyyəsində təhsil almaq üçün SDU-nu seçənlərin seçimlərində yanılmayacaqlarına əminik.
 
4: Uğurlu karyera planlamasına dəstək
SDU-nu seçmək sizin uğurlu karyeraya doğru ilk addımınızın göstəricisidir. Burada tələbələr elmi-tədqiqat fəaliyyətini və innovasiyanı dəstəkləyən ali təhsil müəssisəsində təhsil almaqla qabaqcıl texnologiyalarla çalışan tərəfdaş müəssisə və şirkətlərlə əlaqəyə cəlb olunacaq, məktəb, lisey və gimnaziyalarda təcrübə keçmək imkanı qazanacaqlar. 
Uğurlu karyera planlamasına dəstək məqsədilə Karyera və Məzunlarla iş Mərkəzi SDU tələbələrinə və magistrantlara uğurlu karyeranın planlaşdırılması prosesində müxtəlif sahələr üzrə təlimlər təşkil edir, iş imkanlarının araşdırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçirir, məzunların gələcək karyeralarına və işlə təmin olunmalarına köməklik göstərir. 
Hazırda Sumqayıt Dövlət Universiteti bir çox şirkət və sənaye müəssisələri ilə əməkdaşlıq edir. Bunlar “BP”,  “SOCAR DOWNSTREAM”, “SOCAR AZƏRİKİMYA” İB, “SOCAR KARBAMİD”, “SOCAR POLYMER”, “SOCAR Uniper”, “AZERTEXNOLAYN” MMC, “NORM” ASC , “STP” MMC, “GİLTEX” MMC, “HOLCIM” ASC, “KAPİTAL BANK” ASC, “ALCO” MMC, “TECHNOIL” MMC, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”, “Azersun Holding” MMC, “Azərişıq” ASC, “Azərenerji” ASC, “Azmade” Group MMC, “ASAN” xidmət, “Nobel energy”,  “CodeAcademy, “CELT Colleges” və başqa müəssisələrdir. Tələbələrimiz burada istehsalat təcrübəsi keçərək şirkətlərin fəaliyyəti ilə birbaşa tanış olur ki, bu da tələbələrin məzun olduqları ildə öz kompetensiyalarına və ixtisaslarına uyğun əmək fəaliyyətinə başlamalarına dəstək verir. Tələbələrimiz tərəfdaş şirkətlərimizin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətində istehsalat təcrübəsi də  keçmə imkanı qazanırlar.
Tələbələrin karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, müasir tələblərə uyğun mexanizmlərin yaradılması, gənc kadrların öz karyeralarını qurma sahəsində müasir beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə karyerayönümlü treninqlər təşkil etmək mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəzin təklif etdiyi xidmətlər bunlardır:
- Hər il gənclər üçün karyera sərgilərinin təşkil edilməsi;
- CV və motivasiya məktubunun hazırlanması üzrə təlimlərin keçirilməsi;
- Uğur hekayəsi ilə fərqlənən şəxslərlə görüşlərin təşkili;
- Məsləhət xidmətlərinin göstərilməsi və müxtəlif sahələrdə layihələrin hazırlanması;
- Məzunlarla davamlı əlaqə sisteminin qurulması
 
5: Geniş və yaşıllıqlarla əhatə olunmuş kampus
Sumqayıt Dövlət Universiteti müvafiq maddi-texniki bazaya və infrastruktura malik yaşıl təhsil kompleksidir. Universitetin 3 tədris binasına və 2 yataqxanaya malik kampusunda Riyaziyyat, Təbiət elmləri, Mühəndislik, İqtisadiyyat və idarəetmə, Tarix və coğrafiya, Filologiya fakültələri yerləşir.
20 hektardan artıq əraziyə sahib universitet kampusu həsəd aparılacaq səviyyədəki rahatlığı ilə tələbələrin asudə vaxtlarını mənalı keçirdikləri yerə çevrilib. Minlərlə həmişəyaşıl və meyvə ağacları, müxtəlif növdə güllər və kollarla yaşıllığa bürünmüş kampus əməkdaşlarımızın gündəlik qayğısı ilə inkişaf etməkdədir. 
Universitetin həyətində minifutbol, voleybol və basketbol stadionları, beşzolaqlı olimpiya qaçış meydançası, tələbələrin asudə vaxt keçirmələri üçün nəzərdə tutulan şahmat döşəməsi və stolüstü tennislər quraşdırılıb.
Əlavə olaraq, açıq havada dərs keçmək və müzakirələr təşkil etmək üçün şərait, açıq səma altında mühəndislik muzeyi də mövcuddur. Yeni təmirdən çıxmış 250 yerlik beşmərtəbəli “Tələbə Evi” ndə ölkəmizin regionlarından və xaricdən gələn tələbələr üçün hər cür şərait yaradılmışdır. 
Təsadüfi deyil ki, SDU beynəlxalq “Greenmetric” təşkilatı tərəfindən qlobal reytinq cədvəlinə daxil edilmişdir. “Greenmetric” dünyada universitetlərin kampus və dayanıqlı ətraf mühit meyarlarına görə reytinqlərini müəyyən edən beynəlxalq təşkilatdır. “Greenmetric” metodologiyası universitetlərin dayanıqlı inkişaf hədəfləri ilə bağlı gördüyü işləri və nəticələri qiymətləndirir.
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az