Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 20 Yanvar Şəhidlərinin xatirəsi ehtiramla anıldı
SDU-da 20 Yanvar Şəhidlərinin xatirəsi ehtiramla anıldı
20 Yanvar faciəsi qəhrəmanlıq tariximizin başlanğıcıdır. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Üzərindən 34 il keçməsinə baxmayaraq, bu gün də hər yerdə dərin hüznlə anılır.
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində 20 Yanvar Şəhidlərinin xatirəsi ehtiramla anıldı.
Öncə universitetin rəhbərliyi, şəhid ailələrinin üzvləri, professor-müəllim, tələbə heyəti universitetin həyətində qanlı yanvar zamanı canlarından keçmiş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Sonra iştirakçılar universitetin foyesində 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.
Akt zalında davam edən tədbirdə universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışdı. Qeyd etdi ki, Azərbaycan tarix boyu ağır sınaqlardan keçərək, tarixin müəyyən mərhələlərində xalqımıza qarşı qanlı cinayətlər, terror aktları, soyqırımlar törədilib. Onlardan biri də Qanlı Yanvar hadisələridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə açaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Qəhrəmancasına həlak olanların arasında Sumqayıt Dövlət Universitetinin də bəzi məzunları, əməkdaşların ailə üzvləri vardır. Bir sözlə, 20 Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.
Rektor onu da diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edib, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Ulu Öndərin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırdı. Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiyməti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi verdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
Ulu öndər Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Həmişə olduğu kimi bugünkü tədbirdə də şəhid ailələrinin üzvləri, doğmaları iştirak edir, mütəmadi olaraq şəhid ailələri ilə görüşlər təşkil olunur, onların sosial problemləri ilə maraqlanılır.
Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Aysel Şamilova “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir” mövzusunda məruzə etdi.
Məruzə ətrafında Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov “20 Yanvar hadisələrinə gedən yol”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Ceyhun Qasımbəyli “20 Yanvar müstəqillik uğrunda mübarizənin zirvəsidir”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Anar Qurbanov “Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi qiymət” mövzularında çıxış etdilər. Bildirdilər ki, 20 Yanvar yaxın keçmişimizdə yaşadığımız ən faciəvi günlərdən olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü göstərdi.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az