Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Yanvarın 18-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi.
Elmi Şuranın sədri rektor dosent Rüfət Əzizov çıxış edərək şura üzvlərini salamladı və iclası açıq elan etdi. Qarşıda duran əsas vəzifələr, eləcə də payız semestrinin imtahan sessiyasının gedişatı, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərinə hazırlıq və digər vacib məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırdı. Həmçinin dünən gecə saatlarında Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin yataqxanasında baş verən yanğından danışdı. Qeyd etdi ki, universitetdə təhlükəsizlik qaydaları və yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzində saxlanılmalı, ayıq-sayıq olmalı, eyni zamanda Tələbə evində təlimatlandırıcı tədbirlər keçirilməlidir.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş ali təhsil müəssisələrinin işçiləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Spartakiadada qalib olan əməkdaşlar haqqında məlumat verdi və onlara diplomları təqdim etdi.
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişi barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev və Rektorun müşaviri, dosent Könül Abaslı çıxış etdilər. Bildirdilər ki, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası SDU üzrə rektorun 01.12.2023-cü il tarixli R-54/1 nömrəli əmrinə uyğun keçirilir. İmtahan sessiyası ərzində imtahan vərəqlərinin yoxlanılması və qiymətləndirilməsi prosesində obyektivlik, ədalətlilik və tələbəyönümlülük prinsiplərinin gözlənilməsinin fakültə dekanlarına, kafedra müdirlərinə və fənn müəllimlərinə tapşırıldığı diqqətə çatdırıldı.
Layihələrin idarə olunması şöbəsinin yaradılması və şöbənin ştat vahidləri barədə Rektorun müşaviri, dosent Könül Abaslı məlumat verdi. Qeyd etdi ki, Akkreditasiya Komissiyasının irəli sürdüyü indikatorlarda universitetin beynəlxalq layihələrdə iştirakı və beynəlxalq layihələrin hazırlanması qarşıya məqsəd kimi qoyulmuşdur. Bu həmçinin SDU-nun Qlobal Reytinqdə irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də layihələrin idarə olunması şöbəsinin yaradılması məqsədəuyğun olardı.
7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkiləri barədə məlumat verən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr
üzrə prorektor dosent Elmar Xəlilov və Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov seçkilərə hazırlıq proseslərindən danışdılar.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə rektor dosent Rüfət Əzizov çıxış etdi. Qeyd etdi ki, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi ilə əlaqədar olaraq universitetimizdə də müvafiq işlərin həyata keçirilməasi sürətləndirilsin. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nüminəsidir.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş genişmiqyaslı Tədbirlər planının hazırlanması məqsədi ilə müvafiq təkliflərin verilməsi struktur rəhbərlərinə tapşırılsın. Bununla yanaşı, Sumqayıt şəhərində çoxlu sayda sənaye müəssisələrinin mövcud olması, həmçinin iqlim dəyişikliyi sayəsində müəyyən problemlərin yaranması ilə əlaqədar olaraq, keçirəcəyimiz tədbirlərin mükəmməl olmasının, elmi əsaslara söykənməsinin və innovativ xarakterli olmasının təmin edilməsi struktur rəhbərlərinə, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunun SDU-nun elmi istiqamətinə yaxın olması ilə əlaqədar magistr dissertasiyalarının mövzularının təyinində nəzərə alınması uyğun fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılsın.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov çıxış etdi. Bildirdi ki, Elmi Şuraya daxil olan 5 adda vəsaitdən 1 dərs vəsait, 1 monoqrafiya və 3 fənn proqramıdır.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi və iclas müxtəlif məsələlərin müzakirəsi ilə başa çatdı.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az