Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Horizon Avropa” layihəsi barədə infosessiya keçirildi
SDU-da “Horizon Avropa” layihəsi barədə infosessiya keçirildi
Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində gənc tədqiqatçıların Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” üzrə təlimlər keçirildi .
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə baş tutan təlimlərdə Rəqəmsal, Sənaye və Kosmos, Cost, MSCA üzrə təmsilçilər iştirak edirdilər.
Tədbiri açan universitetin rektoru Rüfət Əzizov təlim iştirakçılarını və qonaqları salamladı. Növbəti təlimlərin Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən Horizon proqramı ilə bağlı olduğunu bildirən rektor təlim iştirakçılarına proqram barədə məlumat verdi. Dünyanın ən böyük proqramı “Horizon” büdcəsinin 2014-2020-cü ildə 80 milyard avro, 2020-2027-ci ildə isə 95.5 milyard avro təşkil etdiyini qeyd edən Rüfət Əzizov proqramın Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olduğunu xatırlatdı: “Tədqiqatı və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı 3 istiqamətdə fəaliyyət göstərir: Qabaqcıl elm, Sənaye liderliyi, Sosial çağırışlar. Hamı üçün açıq olan proqram bürokratik prosedurlardan qaçan praktika kimi cəlbedicidir”.
“Horizon-Avropa” layihəsi kimi beynəlxalq layihələrə qoşulmağın universitetin reytinq cədvəllərində söz dediyini qeyd edən Rüfət Əzizov SDU-nun belə layihələrdə iştirakda maraqlı olduğunu qeyd etdi: “Sumqayıt Dövlət Universiteti olaraq düşünürük ki, bu layihə elmi-potensialın güclənməsi və gənc alimlərin tədqiqatçılıq ruhunun güclənməsində müstəsna rola malikdir”.
Çıxışını təlim iştirakçılarına uğurlar arzusu ilə yekunlaşdıran Rüfət Əzizov təlimçilərə minnətdarlığını bildirdi.
Rəqəmsal, Sənaye və Kosmos üzrə təmsilçi Məmməd Həşimovun çıxışı ilə başlayan təlimlər proqramın hədəfləri, yeniliklər, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında ətraflı məlumatlar və informasiya bolluğu ilə yadda qaldı. Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə təmsilçi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Departament direktoru İlham Hümbətov Avropanın elmi, texnologiya və ictimai çağırışlarına cavab vermək qabiliyyətini artırmaq məqsədilə tədqiqatçılara şəbəkələşmə imkanları təqdim etməyin COST proqramının əsas vəzifələrini təşkil etdiyini bildirib. Məruzəçi bu proqramın Azərbaycan alimlərinin Avropanın digər ölkələrinin alimləri ilə əlaqələr qurması üçün böyük imkanlar açdığını qeyd etdi. MSCA üzrə təmsilçi Zaur Həsənov (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İcraçı direktoru, tarix üzrə fəlsəfə doktoru) çıxış etdi. O, proqramın imkanları, “Horizon Avropa” çərçivəsində yeniliklər, ayrılmış büdcə, maliyyə mexanizmləri, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları, onlara müraciət yolları haqqında məlumat verdi.
Təlimin sonunda “Horizon Avropa” çərçivəsində gerçəkləşən layihələr barədə fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az