Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU “Uniper” şirkəti ilə əməkdaşlıq edəcək
SDU “Uniper” şirkəti ilə əməkdaşlıq edəcək
Azərbaycan üzrə nümayəndəliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində tanışlıq görüşü keçirildi. Şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynlini salamlayan rektor professor Elxan Hüseynov universitetin ümumi fəaliyyətindən, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində islahatların aparıldığını bildirdi. “Uniper” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi ilə SDU arasında münasibətlərin müsbət inkişaf edəcəyinə ümid etdiyini vurğulayan professor Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin Almaniyanın bir neçə universitet və şirkətləri ilə əməkdaşlıq etdiyini bildirdi, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu qeyd etdi. “Uniper” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli şirkətin fəaliyyəti haqqında məlumat verərək şirkətlərinin 2006-cı ildən SOCAR ilə əməkdaşlığa başladığını, 2014-cü ildə isə Azərbaycanda rəsmi nümayəndəliyinin açıldığını, SOCAR ilə “Uniper” arasında Bakıda “Əməkdaşlıq Sazişi”nin imzalandığını diqqətə çatdırdı. Bu çərçivədə bir çox sahələr üzrə Almaniya və Azərbaycanda çoxsaylı seminar, konfrans, səfər və təcrübə mübadiləsi proqramları, şirkət işçilərinin uşaqları üçün yay düşərgəsinin təşkil olunduğunu bildirdi. O, enerji effektivliyi sahəsində birgə layihələr həyata keçirmək məqsədilə yaradılmış SOCAR-Uniper MMC tərəfindən hazırda Azərikimya İB ərazisində “Buxar Generator Kompleksinin modernləşdirilməsi” layihəsinin həyata keçirildiyini də vurğuladı. O eyni zamanda, “Uniper”in Avropa bazarında qazın əsas alıcılarından biri olduğunu bildirərək qeyd etdi ki, şirkətin ən uzunmüddətli qaz alışı müqaviləsi Azərbaycanda Şahdəniz-2 yatağından alınan qaz ilə bağlıdır (2045-ci ilədək). Rəşad Hüseynli Sumqayıt Dövlət Universitetinin son zamanlarda qabaqcıl yerli və beynəlxalq şirkətlərlə əlaqələrini genişləndirərək nüfuzlu ali təhsil müəssisəsinə çevrildiyini bildirdi. Nümayəndəsi olduğu şirkətin və SOCAR-Uniper MMC-nin SDU ilə əlaqələrinin genişləndirilməsində, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkilində və gələcəkdə onların işlə təmin olunmasında maraqlı olduqlarını vurğuladı. Professor Elxan Hüseynov “Uniper”in Azərbaycan üzrə nümayəndəliyinin təşəbbüsünü müsbət qiymətləndirərək bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd etdi. Rektor əməkdaşlığın koordinasiyasını universitetin Ümumi işlər üzrə prorektoru Əsəd Məmmədova həvalə edərək, bu əməkdaşlığın perspektivlərini və qarşılıqlı maraq doğuran məqamlarını bir daha təhlil edib, müvafiq niyyət memorandumu çərçivəsində aparılmasını məqsədəuyğun hesab etdi. Hər iki tərəf görüşlə bağlı məmnunluqlarını ifadə etdilər və əməkdaşlığın uğurla davam etdiriləcəyini bildirdilər.   

                                                                                                                                                                                                                                                                                                       Mətbuat xidməti

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az