Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da VIII Tələbə Elmi konfransı öz işinə başladı
SDU-da VIII Tələbə Elmi konfransı öz işinə başladı
İyunun 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Vlll Tələbə elmi konfransı öz işinə başladı.
Əvvəlcə Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı, ali təhsil ocağının hərtərəfli inkişafından və TEC-in fəaliyyətindən danışdı. Bildirdi ki, elmi-tədqiqat işləri bu gün ölkə iqtisadiyyatında mühüm rola malikdir. Sumqayıt Dövlət Universitetində tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə etməsi, onların elmi fəaliyyətlə məşğul olmasına geniş imkanlar yaradılıb. TEC-in fəaliyyətini yüksək qiymətləndirən prorektor bunun nəticəsində tələbələrimizin universitetdaxili və universitetdənkənar müxtəlif tədbirlərdə qazandıqları uğurların gündən-günə artdığını xüsusilə qeyd etdi və Tələbə Elmi Cəmiyyətinin üzvlərinin respublika və beynəlxalq səviyyəli mötəbər konfranslarda fəal iştirak edərək uğurlu nəticələr əldə etdiklərini vurğuladı.
Prorektor əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik, vətənpərvər gəncliyin yetişdiyini və gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Həmçinin professor Ramazan Məmmədov vurğuladı ki, universitetimizdə elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti uğurla yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Prorektor onu da qeyd etdi ki, Tələbə Elmi Cəmiyyətinin səyləri nəticəsində tələbələr arasında elm sahəsində sağlam rəqabət təmin olunmuş, onların müəyyən istək və arzularını nəzərə alaraq, universitetin kafedralarında elmi istiqamətlər üzrə araşdırmalar aparılması ilə bağlı iclaslar keçirilmiş, tələbələrin fikirləri, ideyaları həmin iclaslarda aparıcı yerdə olmuşdur. Çox sevindirici faktdır ki, tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları və müsabiqələrdə fəal iştirak edərək sertifikatlara layiq görülürlər. Prorektor çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.
TEC-in elmi rəhbəri dosent Lalə Bunyatova çıxış edərək konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə böyük vəzifələrin düşdüyünü bildirdi. Həmçinin qeyd etdi ki, Tələbə Elmi Cəmiyyətinin elmi işlərə cəlb olunmasına, həvəslənməsinə universitetin rektoru professor Elxan Hüseynov xüsusi önəm verir. Rektor fərqlənən tələbələri daim nəzarətdə saxlayır və onları mükafatlandırır. Bu baxımdan TEC-in konfransı mühüm əhəmiyyət kəsb edir.
Sonra universitet üzrə TEC-in Şura sədri Solmaz Bəhramzadə TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə hesabatla çıxış etdi. Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə görülən işlərindən, əldə olunan nailiyyətlərdən söz açdı və bu cəmiyyətin tələbə-gənclərin elmi biliklərinin artmasına, intellektual səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini bildirdi.
Konfransda tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparıldı.
Sonra tələbələrin mükafatlandırılma mərasimi keçirildi.
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş VIII Tələbə Elmi konfransında yer tutan tələbələr diplomlarla təltif olundular.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az