Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti iclası keçirildi
SDU-da Elmi Şuranın növbəti iclası keçirildi
Mayın 31-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq şura üzvlərini, professor-müəllim heyətini salamladıqdan sonra universitetin bir qrup elmi dərəcə və elmi ad almış əməkdaşlarını Elmi Şura üzvləri adından təbrik etdi, onlara elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzuladı.
Sonra rektor gündəlikdəki məsələlər barədə məlumat verdi və iclasın gündəliyi təsdiq olundu.
2022/23-cü tədris ilində bakalavriat səviyyəsində tələbələrin təcrübələrinin nəticələri barədə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov çıxış edərək bildirdi ki, pedaqoji və istehsalat təcrübələri qrafikə uyğun olaraq tam yerinə yetirilmişdir. Pedaqoji və istehsalat təcrübələrinin mütəmadi yoxlanılması, təcrübə hesabatlarının tələbələr tərəfindən hazırlanmasına nəzarət təcrübə rəhbərlərinə, kafedra müdirlərinə və fakültə dekanlarına tapşırılmışdır. Hər ixtisasın profilinə uyğun olaraq, müxtəlif tədris və istehsalat müəssisələrində təşkil olunan təcrübə müddətində tələbələr qrup rəhbərlərinin təşkilatçılığı və müəllimlərinin iştirakı ilə proqrama uyğun fəaliyyət göstəriblər. Tələbələr təcrübə müddəti ərzində müasir təlim texnologiyalarından istifadə etmək bacarığı ilə yanaşı, kurikulumun tələblərinə uyğun dərs qurmaq qabiliyyətlərini də nümayiş etdirərək, həm müəssisə rəhbərliyinin, həm də təcrübə keçdikləri kontingentin rəğbətini qazanıb və sertifikata layiq görülüblər. Faiq Şirinov onu da vurğuladı ki, artıq təcrübə müddətində yaxşı fəallıq göstərmiş bir qrup tələbəmizə müəssisələrdə işlə təmin olunmaları barədə təklif olunub.
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyətinin Ufa Dövlət Neft Texniki Universitetinə işgüzar səfərinin hesabatına dair Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq keçirilən tədbirlər silsiləsindən növbəti tədbir mayın 24-də Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetində keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş “Azərbaycan Respublikası auditoriyası”nın təntənəli açılış mərasimi oldu.
Auditoriyanın açılış mərasimində UDNTU-nun rektoru Oleq Baulin və universitetin professor müəllim heyəti ilə yanaşı, UDNTU-da ezamiyyətdə olan Sumqayıt Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru Əsəd Məmmədov, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovdan ibarət nümayəndə heyəti iştirak etdilər. Həmçinin tədbirdə Başqırdıstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan Respublikasının rəhbər nümayəndələri, Başqırdıstanda yaşayan Azərbaycan diaspora nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sabir Hacıyev və UDNTU-da hazırda təhsil alan azərbaycanlı tələbələr iştirak etdilər.
Hibrid formatda baş tutan açılış mərasiminə Azərbaycanda səfərdə olan akademik Ramil Baxtizin, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, SDU-nun bir qrup alimləri də qoşulmuşdular. Auditoriyada Azərbaycanın dövlət simvolları, Heydər Əliyev irsi, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası, Azad Mirzəcanzadənin elmi məktəbi, ölkəmizin təbii sərvətləri, neft, iqlim və coğrafiyası, faydalı qazıntılar, elm və sənaye, mədəniyyət və incəsənəti, xalçaçılığı, tarixi abidələri - Qobustan, paytaxt Bakı, tarixə düşmüş görkəmli şəxsiyyətlər başlığı altında 12 lövhə yaradılıb.
Qeyd edək ki, nümayəndə heyəti eyni zamanda 23-25 may 2023-cü il tarixlərində Ufada keçirilən 31-ci Beynəlxalq “Qaz. Neft. Texnologiya” sərgisində, UDNTU-da təşkil olunmuş Olimpiadada ekspert qismində, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Diasporanın təşkil etdiyi tədbirdə iştirak etmişlər.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov Perm Milli Elmi-Tədqiqat Universitetində SDU nümayəndə heyətinin işgüzar səfəri barədə məlumat verdi. Qeyd etdi ki, PMETU-nun SDU ilə ikitərəfli və çoxtərəfli istiqamətdə əməkdaşlığını genişləndirmək üçün ətraflı fikir mübadiləsi, həmçinin tələbə və müəllim mobilliyi istiqamətində müzakirələr aparılıb.
SDU-nun nümayəndə heyətinin Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetinə işgüzar səfərinin hesabatını Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva təqdim etdi.
Hesabatdan sonra Almaniyanın Brandenburq Texniki Universiteti ilə SDU arasında ikili diplom proqramının həyata keçirilməsi üçün müvafiq ixtisasların müəyyənləşdirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi müvafiq struktur rəhbərlərinə tapşırıldı. Həmçinin Almaniyanın Brandenburq Texniki Universitetinin tələbələri qarşısında SDU nümayəndə heyətinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təqdimatla çıxış etmələri Ümummilli Liderin həyat yolu, genişmiqyaslı fəaliyyəti, Azərbaycan respublikasının inkişafında misilsiz xidmətləri barədə məlumatların verilməsi müsbət qiymətləndirildi.
SDU-nun Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti barədə TEC-in elmi rəhbəri dosent Lalə Bunyatova məlumat verdi. Bildirdi ki, 2023-cüildə keçiriləcək 8-ci elmi konfransa hazırlıq işləri davam etdirilir. Tələbə Elmi Cəmiyyətinin üzvləri respublika və xarici ölkə universitetləri ilə əlaqələri daim genişləndirir, Ufa Dövlət Neft Texniki Universitetində keçirilən beynəlxalq olimpiadalarda fəal iştirak edirlər, Azərbaycanın ali təhsil müəssisələri arasında keçirilən EdTech Startap müsabiqəsində Sdu-nun komandası Respublika üzrə 10 ən yaxşı komanda arasında yer tutmuş, Macarıstanda onlayn formatda keçirilən startap müsabiqəsində, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olnumuş SDU Tələbə Elmi Cəmiyyətinin VIII Elmi konfransına hazırlıq işlərinin daim diqqət mərkəzində saxlanılması TEC-in rəhbəri dosent Lalə Bunyatovaya, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, TEC üzvlərinin xarici ölkə universitetlərində keçirilən konfranslarda, olimpiadalarda iştirakının dəstəklənməsi və təmin olunması kafedra müdirlərinə, fakütə dekanlarına, ümumi rəhbərlik isə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıldı.
Tədris proqramlarında təcrübə üçün nəzərdə tutulmuş 30 kreditin bölgüsünün tənzimlənməsi barədə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov ətraflı çıxış etdi və 21 kreditin təcrübəyə, 9 kreditin isə hesabatın hazırlanmasına ayrılması qərara alındı. Cari məsələlərin müzakirəsində Elmi katib professor Muxtar Səmədov qeyd etdi ki, Fizika və onun tədrisi metodikası kafedrasının dosenti, elmlər doktoru proqramı üzrə   qiyabi doktorant Rəsmiyyə Məmmədovanın doktorluq dissertasiyasının yeni redaksiyada mövzusunun və elmi məsləhətçinin, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının assistenti Dürdanə Ələsgərovanın və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dissertantı Xalidə Quliyevanın dissertasiya işlərinə elmi rəhbərin təyini barədə məlumat verdi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi və bildirdi ki, Elmi Şuraya 4 dərs vəsaiti, 1 metodik vəsait daxil olub.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Sonra professor Adil Baxşəliyevin və professor Şirxan Səlimovun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasında boş olan 0,5 ştat professor vəzifələrinə, professor Cavanşir Məmmədovun isə Avtomatika və idarəetmə kafedrasında boş olan 0,5 ştat professor vəzifəsinə, eləcə də Kimya və onun tədrisi metodikası kafedrasının 0,5 ştat professoru Muxtar Səmədova elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu. Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən müvafiq qərarlar qəbul edildi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az