SDU-nun tələbələri Karyera və Psixologiya Mərkəzinin sertifikatlarına layiq görüldülər
May ayının 25-də Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsinə Karyera və Psixologiya Mərkəzinin təlimlərində uğurla iştirak etdiklərinə görə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirildi.
Universitetimizdə tələbələrin özünüifadəsi, yüksəkixtisaslı kadrlar kimi yetişməsindən əlavə, onların uğurlu karyera qurması üçün dərsdənkənar təlimlər və digər treninqlərdə iştirakına da xüsusi diqqət yetirilir. Belə tədbirlər üçün seçilən tərəfdaş təşkilatlar içində Karyera və Psixologiya Mərkəzi önəmli yer tutur. Mərkəzin müdiri Samir Vəliyevin rəhbərliyilə keçirilən təlimlərdə SDU-nun bir qrup tələbəsinin iştirakı bu cəhətdən səmərəliliyi ilə fərqlənib.
Sumqayıt Dövlət Universitetində başlamış, sonra isə Karyera və Psixologiya Mərkəzində davam etdirilən təlimlər 3 ay müddətində həyata keçirilmişdir. Təlimdə iştirak edən 19 tələbəmiz təlim kursun müvəffəqiyyətlə başa vurduqlarına görə Karyera və Psixologiya Mərkəzi tərəfindən sertfikatlara layiq görülüblər.
Tədbirdə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov tələbələri təlimləri uğurla başa vurmaları münasibətilə təbrik edərək, universitetimiz qarşısında duran vəzifələrin ancaq tələbələrə yüksək bilik verməkdən ibarət olmadığını qeyd etdi. SDU-nun təhsil siyasəti hərtərəfli şəxsiyyətin yetişməsinə hədəflənmişdir. Əlbəttə, qarşıya qoyulan vəzifələrin icrası üçün bilik və bacarıqlar əsas amillərdən olsa da, sürətlə dəyişən əmək bazarı tələbatı diqtə edir ki, ancaq bunlarla kifayətlənmək olmaz və karyera yüksəlişini şərtləndirən faktorların nəzərə alınması qaçılmaz zərurətə çevrilib. Prorektor, həmçinin bildirdi ki, universitetimizin rektoru, professor Elxan Hüseynovun təşəbbüsü ilə ali təhsil müəssisəmizdə İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması da nəzərdə tutulur. Məhz bu Mərkəz tələbələrə öz ideya və layihələrini reallaşdırmağa imkan verəcək.
Daha sonra Elmar Xəlilov faydalı əməkdaşlığa görə Karyera və Psixologiya Mərkəzinin kollektivinə təşəkkür etdi.
Karyera və Psixologiya Mərkəzinin müdiri Samir Vəliyev Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıqlarının 2022-ci ildə başladığını xatırladaraq, əldə olunan nəticələrdən razı qaldıqlarını bildirdi. Cari ildəki təlimlərin nəticələrini qiymətləndirmək üçün Mərkəzdə karyera balı anlayışının 10 parametr üzrə müəyyənləşdirildiyini bildirən Mərkəz rəhbəri uğur indeksinin minimum 50 bal olduğunu qeyd etdi, buna görə də sertifikatlara layiq görülən 19 tələbəni SDU-nun uğuru kimi dəyərləndirdi.
Daha sonra SDU-nun Karyera və məzunlarla iş mərkəzinin müdiri, dosent Əmirxan İsayev bildirdi ki, məqsədimiz tələbələrimizin gələcək karyera yüksəlişinə maksimum dəstək olmaqdır. O, bu vacib işin təşkili və aparılmasında universitetin rektoru professor Elxan Hüseynovun xidmətlərini qeyd etdi.
Sentyabr ayında, yeni tədris ilinin əvvəllərində əməkdaşlığın yeni keyfiyyət konturları ilə davam edəcəyini bildirən dosent Əmirxan İsayev tələbələri qazanılan nəticələrə görə bir daha təbrik etdi.
Tədbir tələbələrə sertifikatların təqdim edilməsi ilə başa çatdı.
Mətbuat xidməti