Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Dövlətlərarası iqtisadi əlaqələr: müasir çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “Dövlətlərarası iqtisadi əlaqələr: müasir çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
Mayın 25-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dövlətlərarası iqtisadi əlaqələr: müasir çağırışlar və perspektivlər” mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Millət vəkilləri: Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə, Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri dosent Vüqar Bayramov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev,  o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Makedoniya  və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri də iştirak etdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq qonaqları salamladı, onları görməkdən məmnunluğunu ifadə etdi. İştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı. Bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər keçirilir. İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən bugünkü konfransın da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu vurğulayan prorektor görkəmli dövlət xadiminin ölkəmizin rifahı naminə gördüyü əvəzsiz xidmətlərdən danışdı. Bildirdi ki, hal-hazırda Azərbaycanın inkişaf  yolu ötən əsrin 70-ci illərindən, Heydər Əliyevin həm Azərbaycanda, həm də SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır. Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, azad olunmuş torpaqlarımızda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir. Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və “Böyük Qayıdış” proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb. Bu da iqtisadiyyatımızın inkişafına böyük töhfələr verir.
Konfransın əhəmiyyətindən bəhs edən professor Ramazan Məmmədov onu da vurğuladı ki, konfransın materialları sırasına Rusiya, Türkiyə, Makedoniya və s.universitetlərdən   və respublikamızın 31 elm və ali təhsil müəssisəsindən 140 məruzə və tezis daxil olmuş, onlardan 130 məruzə və tezis Proqram komitəsi tərəfindən seçilərək və antiplagiat proqramı ilə yoxlanılaraq konfransın gündəliyinə qəbul edilmişdir. Ümid edirəm ki, məruzəçi və digər konfrans iştirakçılarının məzmunlu tədqiqatları, əldə etdikləri elmi nəticələri və praktik təklifləri ilə müasir çağırışlar kontekstində dövlətlərarası iqtisadi əlaqələrin inkişafına əməli töhfə verəcək.
Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadə “Müstəqillik illərində dövlətlərarası iqtisadi əlaqələrin genişləndirilməsində Heydər Əliyevin çoxşaxəli fəaliyyəti” mövzusunda geniş məruzə etdi. Bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının əsas şərtlərindən biri respublikanın iqtisadi potensialıdır. Vaxtilə Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında iqtisadi sahədə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini özündə ehtiva edən ideyanın azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət verirdi. Ulu Öndər yubanmadan irimiqyaslı iqtisadi islahatlara start verdi, bu islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi üçün mükəmməl qanunvericilik baza yaradıldı, o beynəlxalq tələblərə uyğunlaşdırıldı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr sırasında 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” adlı neft ixracı sazişi xüsusi yer tutur. Bu layihə Ümummilli Liderin Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə, xalqın firavan yaşamasına dair göstərdiyi əsas xidmətlərdən biri kimi tarixə düşmüşdür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Prezident cənab İlham Əliyevin başçılığı ilə aparılmış çoxsaylı islahatlar Azərbaycan Respublikasında sosial-iqtisadi durumun yaxşılaşmasına, əhalinin maddi vəziyyətinin daha da artmasına xidmət göstərir.
Milli Məclisin deputatları: Vüqar Bayramov “Heydər Əliyev tərəfindən müəyyən edilən və milli mənafeyə xidmət edən iqtisadi layihələrin əhəmiyyəti”, Tural Gəncəliyev “Qarabağın dirçəldilməsinin regionun inkişafında strateji rolu”, Atatürk Universitetinin İqtisadi Siyasət Bölməsinin müdiri prof. Kerem Karabulut “Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyat quruculuğunda Türkiyə-Azərbaycan əməkdaşlığının strateji aspektləri”,Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru, Rusiya Federasiyasının əməkdar elm xadimi, “Maliyyə iqtisadiyyatı” jurnalının baş redaktoru Vasiliy Bespyatıx “Heydər Əliyev müasir dövlətlərarası iqtisadi əlaqələrin görkəmli strateqidir”, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva “ Heydər Əliyev və Azərbaycanın xarici iqtisadi əlaqələri” mövzularında çıxış edərək konfransın çox aktual bir məsələyə həsr olunduğunu bildirdilər. Qeyd etdilər ki, dövlətlərarası iqtisadi münasibətlər yalnız zəruri gəlirin əldə olunmasında deyil, həmçinin xarici siyasət, elm, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşları müəyyən edir. Bu istiqamətdə beynəlxalq konfransda müzakirə olunan məsələlər Avropa Birliyinə inteqrasiya, investisiya layihələrinin genişləndirilməsi, elmtutumlu sənaye sahələri və yüksək texnologiyaların inkişafının iqtisadi artıma və biliklər iqtisadiyyatının daha sürətlə formalaşmasına təkan verəcəyini vurğuladılar.
Konfransın sonrakı işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov məlumat verdi. Bildirdi ki, elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.      
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az