Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun pedaqoji təcrübə keçən tələbələri 3 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş açıq dərs təşkil etdi
SDU-nun pedaqoji təcrübə keçən tələbələri 3 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş açıq dərs təşkil etdi
Mayın 24-də Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı tam orta məktəbdə SDU-nun Filologiya fakültəsinin 4-cü kurs, 921-ci qrup tələbələrinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş tədbir formatında açıq dərs keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird heyəti ilə yanaşı, SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, elmi işlər üzrə dekan müavini Törə Məmmədova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 3 saylı məktəbin direktoru Ülkər Çəndirli iştrakçıları salamladı, bu kimi açıq dərslərin mahiyyətini və aktuallığını qeyd edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi"ndən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.
Açıq dərsdə iştirak edən “6B” sinif şagirdləri “Xarıbülbül”, “Vətən”, “Zəfər”, “Bayraq” adlı qruplara bölünmüşdü. “Xarıbülbül” qrupu AXC-nin yaradılması, “Vətən” qrupu AXC-nin qurucuları, “Zəfər” qrupu AXC-nin ordu siyasəti, “Bayraq” qrupu AXC-nin xarici siyasəti haqqında məlumat verdilər. Daha sonra şagirdlər musiqilər ifa edib, şeirlər söylədilər.
SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək AXC-nin Azərbaycanın inkişaf tarixindəki böyük xidmətlərini vurğuladı. O, bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində AXC-nin xüsusi yeri olduğunu qeyd etmiş və onun 23 aylıq fəaliyyətinə yüksək qiymət vermişdir. Ümummilli Lider 1998-ci il yanvarın 30-da AXC-nin 80 illik yubileyinin keçirilməsi haqqında xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalaması, ardınca 2018-ci il yanvarın 10-da imzaladığı başqa bir Sərəncamla 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bu ənənənin davamı olmuşdur.
Tədbirin sonunda xatirə şəkli çəkildi. 
 
Mətbuat xidmət
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az