Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində tələbələrin sərbəst iş tapşırıqlarının təqdimatı keçirildi
Riyaziyyat fakültəsində tələbələrin sərbəst iş tapşırıqlarının təqdimatı keçirildi
Mayın 24-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində Riyaziyyat və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Riyaziyyat müəllimliyi ixtisasının birinci kursunda təhsil alan bir qrup tələbəsinin sərbəst iş tapşırıqlarının təqdimatı keçirildi. Təqdimatda Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova, Tədris Metodiki Mərkəzin Tədris bölməsinin müdiri Sabir Behbudov, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri professor Nəbi Qurbanov, İnformatika kafedrasının müdiri Valeh Mustafayev, Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova, Riyaziyyat fakültəsinin dekan müavini dosent Məhəmmədəli Məmmədov və fakültənin professor-müəllim heyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova açaraq qeyd etdi ki, SDU-da tələbələrin bilik səviyyəsi çoxballı sistem əsasında qiymətləndirilir. Sərbəst işlərin yerinə yetirilməsi bunun əsas elementlərindən biridir. Sərbəst işin məqsədi tələbəyə gələcəkdə peşəkarlıq səviyyəsini müntəzəm şəkildə artıqmaq bacarığı aşılamaq üçün düşünülmüş və müstəqil surətdə tədris materialı ilə elmi məlumatla işləməyi öyrətmək, onlarda özünütəşkil və özünütərbiyə bacarıqlarının əsasını qoymaqdır. Nəzərə alsaq ki, tələbənin sərbəst işi onun yaradıcılıq potensialının inkişafına və peşə bacarıqlarının gerçəkləşdirilməsinə imkan yaratmalıdır, onda bu işin təqdimat formasında təşkil olunması onların gələcək müəllim kimi inkişafında xüsusi rol oynayır.
Dosent Məftun Heydərova onu da qeyd etdi ki, bu layihədə SDU-nun Strateji İnkişaf Planının (SİP) strateji hədəfləri nəzərə alınmışdır. Belə ki, burada SİP-in həyata keçirilməsi ilə bağlı 2023-cü il üçün təsdiqlənmiş Fəaliyyət Planının 1.2. strateji hədəfinin tələbləri nəzərə alınmışdır. O, kafedranın bu istiqamətdə işlərinin silsilə şəklində davam etdiriləcəyini vurğuladı.
Dosent Məftun Heydərova Riyaziyyat müəllimliyi ixtisasının 7 tələbəsinin Elementar riyaziyyat fənnindən sərbəst işlərini təqdim edəcəklərini qeyd etdi. O, tələbələrə uğurlar arzu etdi. Sonra tələbələr məruzələrinə başladılar. Təqdimat üçün hər tələbəyə 10 dəqiqə vaxt verildi.
SDU Riyaziyyat fakültəsinin 451 saylı qrup tələbələri: Mehrəlizadə Əlinin “Həqiqi ədədlərin altçoxluqları”, Əliyeva Şəbnəmin “Çoxüzlülər haqqında maraqlı faktlar”, Səfərova Xumarın “Çoxüzlülərin növləri”, Abdullayeva Aynurun “Fırlanma cisimləri”, Talıblı Pərinin “Prizma və onun elementləri” mövzularında və 451A saylı qrupun tələbələri: Məmmədova Fatimənin “İkiüzlü bucaqlar”, Əliyeva Arzunun “Prizma və piramida haqqında maraqlı məlumatlar” mövzularında təqdimatları dinlənildi.  Sonra onlar auditoriyanın suallarını cavablandırdılar.
Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək vurğuladı ki, kredit sistemində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bildirdi ki, müəllimlərin sərbəst iş tapşırıqlarını təqdimat formasında qəbul etməsi həm tələbələri bu işə həvəsləndirir, həm də onlarda yüksəksəviyyəli özünütəhsil formalaşdırmağa xidmət edir. O cümlədən, tələbələrin kompüter texnologiyasın­dan və interaktiv metodlardan istifadə etməsi təqdirəlayiqdir. O, tələbələrin təqdimatlarını bəyəndiyini qeyd etdi və onların hər birinin 20 balla qiymətləndirilməsini təklif etdi.
Daha sonra Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri professor Nəbi Qurbanov, Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev bu kimi tədbirlərin təşkil olunmasının tələbələrin inkişafında mühüm rol oynadığını qeyd etdilər və tələbələrə öz tövsiyələrini verdilər.
Sonda Tədris Metodiki Mərkəzin Tədris bölməsinin müdiri Sabir Behbudov çıxış edərək vurğuladı ki, yüksəkkeyfiyyətli təhsil xidmətləri təklif edən ali təhsil ocağına çevrilmək SDU-nun Strateji inkişaf planının bir hissəsidir. Bu gün Riyaziyyat və onun tədrisi metodikası kafedrasının təşkil etdiyi sərbəst iş tapşırıqlarının təqdimatını dayanıqlı inkişafın təmin edilməsi üçün davamlı olaraq tədris prosesinin təhsilalanlarda zəruri bilik, bacarıq və vərdişləri formalaşdırmağa imkan verəcək səviyyədə təkmilləşdirilməsi istiqamətində atılan strateji hədəf kimi qiymətləndirmək olar. O, təqdimatlarla çıxış edən tələbələrə öz tövsiyələrini verdi və onlara gələcək təhsillərində uğurlar arzu etdi.
Nəticələr mövzunun açılma dərəcəsi, dinləyicilərdə doğurduğu marağın səviyyəsi və peşəkarlıq meyarları əsasında dəyərləndirildi. Tələbələrin hər biri 20 balla qiymətləndirildilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az