Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsində müştərək dərs formatında mühazirə keçirildi
SDU-nun Filologiya fakültəsində müştərək dərs formatında mühazirə keçirildi
Mayın 19-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müştərək dərs formatında mühazirə keçirildi. Bu layihədə SDU-nun Strateji İnkişaf Planının (SİP) starateji hədəfləri nəzərə alınmışdır. Belə ki, SİP-in həyata keçirilməsi ilə bağlı 2023-cü il üçün təsdiqlənmiş Fəaliyyət Planının 1.2.3 bəndinə uyğun olaraq, bütün ixtisaslar üzrə fənlərin daha effektiv və səmərəli şəkildə keçirilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.
Mühazirə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının əməkdaşları: baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Afiqə Alıyevanın 934 saylı qrupda tədris etdiyi “Türk xalqları ədəbiyyatı” fənni  və dosent Törə Məmmədova tərəfindən tədris olunan “Azərbaycan ədəbiyyatı” fənninə uyğun olaraq, təqvim-tematik plana əsasən “Qırğız ədəbiyyatı” mövzusu ətrafında təşkil edilmişdi.
Əvvəlcə fakültənin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək Ulu Öndərə həsr olunmuş müştərək dərs layihəsinin əhəmiyyətini qeyd etdi. Öncə Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğundakı rolundan, ədəbiyyat, təhsil sahəsində gördüyü işlərdən bəhs etdi. Bildirdi ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində universitetdə fərqli, maraqlı tədbirlər keçirilmişdir. Bu gün “Türk xalqları ədəbiyyatı” və “Azərbaycan ədəbiyyatı” fənləri arasında əlaqəyə əsaslanan və yeni formatda təqdim olunan müştərək dərs Ulu Öndərin yubileyinə ithaf olunur və Təhsil haqqında əsasnamənin müvafiq müddəalarına uyğun şəkildə təşkil edilmişdir. Belə ki, fənlərarası inteqrasiya yeni təhsil sistemində özünə layiqli yer tutur. Bugünkü dərs də bu inteqrasiyaya əsaslanır.
Sonra Ulu Öndərin mədəniyyət siyasətini, onun Qırğız ədəbiyyatına verdiyi dəyəri əks etdirən videoçarx nümayiş etdirildi.
Daha sonra Afiqə Alıyeva Ulu Öndərin türk dövlətləri arasında ədəbi-mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilməsinə göstərdiyi xidmətlərdən, onun Qırğız ədəbiyyatına və mədəniyyətinə olan diqqət və qayğısından söhbət açdı. O qeyd etdi ki, Ulu Öndər Qırğız xalqının qədim folklor abidəsi olan "Manas" dastanının 1000 illiyi münasibətilə 28 avqust 1995-ci ildə Qırğızıstanda keçirilən tədbirlərdə iştirak etmişdir. Heydər Əliyev qırğızların məşhur yazıçısı Çingiz Aytmatov haqqında qeyd edirdi. "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də türk dünyasının fəxridir".
Daha sonra Afiqə Alıyeva Qırğız ədəbiyyatının yaranma tarixini, mühüm məqamlarını tələbələrin nəzərinə çatdırdı. Qırğız şairi Qasım Tınıstanovun yaradıcılığından bəhs olunarkən Törə Məmmədova qırğız poeziyası ilə Azərbaycan poeziyasında oxşar məqamlardan danışdı. Mikayıl Müşfiq və Əhməd Cavadın eyni mövzuda yazdıqları “Göygöl” şeirləri Qasım Tınıstanovun “İsıq gölə” şeiri ilə müqayisəli təhlil edildi. Məlum oldu ki, hər üç şair sovet dövründə eyni mövzuda yazdıqları sözügedən şeirlərində öz xalqlarının azadlığı məsələsini önə çəkmiş, sətiraltı olaraq azadlıq ideyalarını tərənnüm etmişlər.
Afiqə Alıyeva Çingiz Aytmatov yaradıcılığına keçid alaraq onun “Cəmilə”, “Ağ gəmi”, “Gün var, əsrə bərabər”, “Kassandra damğası”, “Qiyamət”, “Əbədi gəlin” adlı əsərlərindən danışdı. Dosent Törə Məmmədova həmin əsərlərlə Azərbaycan ədəbiyyatı arasında oxşar məqamlardan söhbət açdı. Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, İsa Hüseynovun “Məhşər” əsərləri ilə Çingiz Aytmatovun əsərləri arasında oxşar mövzular, oxşar obrazlar, oxşar süjetlər üzərində təhlillər apardı. Bu da vurğulandı ki, əsərlərdə sovet dövrünün reallıqları, represiya mövzusu, miflərə müraciət, oxşar talelərin təsviri əslində real hadisələrdən qaynaqlanır.  
Sonda SDU-nun Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva qeyd etdi ki, müştərək dərs layihəsi çərçivəsində bu cür mühazirələrin mütəmadi olaraq təşkil olunması müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir və tələbələrdə təhlil qabiliyyətini inkişaf etdirir. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az