Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsinin təcrübədə olan tələbəsi 39 saylı uşaq bağçasında açıq dərs təşkil etdi
SDU-nun Filologiya fakültəsinin təcrübədə olan tələbəsi 39 saylı uşaq bağçasında açıq dərs təşkil etdi
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin bir qrup 4-cü kurs tələbəsi təcrübədə olduqları müəssisələrdə açıq dərslər keçmiş, müxtəlif mövzulu ədəbi-bədii tədbirlər, eləcə də elmi-praktik seminarlar təşkil etmişlər.
May ayının 2-də belə açıq dərslərdən biri də 39 saylı uşaq bağçasında təşkil olunmuşdur. Bağçanın rəhbərliyinin və eləcə də Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyevanın da iştirak etdiyi bu açıq dərsi Məktəbəqədər ixtisası üzrə təhsil alan 927-ci qrup tələbəsi Fidan Yusifova aparırdı. Dərs elmi-praktik baxımdan mövzunu tam əhatə edirdi. Dərsin mövzusu "Güllər" olduğu üçün təcrübəçi tələbə çox maraqlı motivasiya düşünüb tətbiq etmişdi. Belə ki, dərsin motivasiyası tapmaca üzərində qurulmuşdu və uşaqlar tapmacanı tapdıqdan sonra ona uyğun şəkilləri lövhəyə yapışdıraraq mövzunu açmağa çalışırdılar. Daha sonra Fidan Yusifova uşaqlara bitkilər, güllər, onların becərilməsi və onlara qulluq edilməsi ilə bağlı suallar ünvanladı. Dərsi fəal təlim metodları ilə təşkil edən təcrübəçi tələbə uşaqların yorğunluğunu aradan qaldırmaq üçün idman dəqiqəsi tətbiq etdi.
Təcrübəçi tələbə Fidan Yusifova universitetdə öyrəndiyi nəzəri biliklərə və eləcə də praktikada yiyələndiyi təcrübəyə əsaslanaraq günün tələblərinə uyğun şəkildə açıq dərs təşkil etdi.
Açıq dərs bitdikdən sonra mövzu ətrafında müzakirə təşkil olundu. Dərsi dinləyən uşaq bağçasının direktoru Esmira Musayeva dərsin gedişatından, təşkil olunmasından razı qaldığını qeyd etdi. Təcrübəçi tələbəyə öz arzu və istəklərini söyləyən direktor universitet rəhbərliyinə, eləcə də Sevinc xanıma xüsusi təşəkkürünü bildirdi. Fidan Yusifova ilə yanaşı, digər təcrübəçilərin də bu cür məsuliyyətli, bacarıqlı və çalışqan olduqlarını vurğuladı.
Söz Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyevaya verildi. O, ilk olaraq Məktəbəqədər ixtisasının bu günümüz üçün nə qədər dəyərli və tələbolunan ixtisas olduğunu qeyd etdi. Dekan universitet tərəfindən görülən vacib işlərdən birinin də bu ixtisas üzrə təhsil alan tələbələrin ölkəmizə, eləcə də cəmiyyətimizə yararlı kadrlar kimi formalaşmasını təmin etmək olduğunu vurğuladı və bildirdi ki, bugünkü açıq dərs bu işin nə qədər doğru-düzgün təşkil olunduğunun bir nümunəsidir. Həm universitet, həm də fakültə olaraq daima tələbələrin təhsilinin keşiyindəyik. Bunun üçün xüsusilə universitetin hər zaman inkişafına çalışan və eləcə də bütün qabaqcıl işlərində tələbələri dəstəkləyən çox hörmətli rektorumuz professor Elxan Hüseynova minnətdarıq.
Sonda söz təcrübəçi tələbənin təcrübə rəhbəri Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Aygün Səttarovaya verildi. O da açıq dərs barədə öz fikirlərini bildirdi. Müzakirə təcrübəçi tələbənin qiymətləndirilməsi ilə yekunlaşdı. 
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az