Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyev və Azərbaycanın yeni iqtisadi inkişaf modeli” mövzusunda Ustad dərsi keçirildi
“Heydər Əliyev və Azərbaycanın yeni iqtisadi inkişaf modeli” mövzusunda Ustad dərsi keçirildi
Aprelin 13-də Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrası və Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində onlayn Ustad dərsi keçirildi.
Naxçıvan Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru dosent Nurlana Əliyeva giriş sözü ilə çıxış edərək, Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin bərqərar olmasında tarixi xidmətlərindən danışdı və bu mövzu üzrə tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Naxçıvan Universiteti və Sumqayıt Dövlət Universitetinin rektorlarına minnətdarlığını bildirdi.
Ustad dərsini aparmaq üçün Sumqayıt Dövlət Universitetinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü - Elmi katib Şəfa Əliyevə söz verildi. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin Ümummilli Liderə Azərbaycan xalqının minnətdarlıq duyğusunun ifadəsi olduğunu  bildirən Şəfa Əliyev, Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə Ulu Öndərin iqtisadi siyasəti sayəsində respublikanın dayanıqlı inkişafının əsası qoyulduğunu qeyd etdi: “Bunun nəticəsi olaraq aqrar-sənaye kompleksinin ixtisaslaşdırılmış sahələrinin prioritet inkişaf etdirilməsi, onun ərazi əmək bölgüsündə layiqli yer tutması üçün kompleks proqramların hazırlanması və reallaşdırılması 1970 ̶ 1985-ci  illərdə layiqli bəhrəsini verdi”.
İqtisad elmləri doktoru, professor Şəfa Əliyev SSRİ-nin süqutundan, Azərbaycanda dövlət müstəqilliyin nominal bərpasından sonra hakimiyyətdə olanların səriştəsizliyindən xaos hökm sürdüyünü, dövlət idarəçiliyindən başı çıxmayanların  xalqı fəlakətə sürüklədiyini xatırladaraq, ölkədə vətəndaş qarşıdurmasının gücləndiyini, nəticədə, Ermənistan dövlətinin havadarlarının maddi və mənəvi dəstəyi ilə işğal ərazilərini genişləndirdiyini vurğuladı: “Belə bir  məqamda xalqının davamlı çağırışları ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev çoxsaylı baryerlərə, təhlükələrə və problemlərə baxmayaraq, xalqın xilası üçün həyatını təhlükəyə atdı, həyatının qalan hissəsini öz canından çox sevdiyi Azərbaycan xalqına həsr etdi”.
1993-2003-cü illər ərzində Ulu Öndər Heydər Əliyevin tarixi səyləri nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişafın müstəqil və milli maraqlara əsaslanan model formalaşdırıldığını qeyd edən Şəfa Əliyev fikrini yekunlaşdırdı: “Bu gün biz Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etməklə yanaşı, məhz onun formalaşdırdığı və ölkə Prezidenti İlham Əliyevin uğurla inkişaf etdirdiyi sosial-iqtisadi inkişaf modelinin reallaşdırılmasına öz töhfəmizi verməyə borcluyuq”.
Ustad dərsinin sonunda Naxçıvan Universitetinin İqtisadiyyat kafedrasının müdiri dosent Həsən Məmmədov, Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin dekanı Tural Məmmədzadə, SDU-nun İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, SDU-nun Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, Naxçıvan Universitetinin İqtisad fakültəsinin tələbəsi Nihad Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmış və oxşar Ustad dərslərinin keçirilməsinin vacib olduğunu bildirdilər.
Ustad dərsində SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, habelə fakültənin və Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin müəllim və tələbələri iştirak etdilər. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az