Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da şəhid Mikayıl Vahabzadənin xatirəsi anılıb
SDU-da şəhid Mikayıl Vahabzadənin xatirəsi anılıb
Aprelin 6-da Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Fizika və elektroenergetika fakültəsinin birgə təşkilatçılığı ilə  Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən cəbhənin Tərtər rayonu istiqamətində qəhrəmancasına şəhid olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, abidə önünə gül dəstələri qoyuldu.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova Mikayıl Vahabzadə ilə bağlı xoş xatirələrini bölüşərək qeyd etdi ki, vətəninə, dövlətinə sədaqətlə bağlı olan Mikayıl Vahabzadə hərbi həyatında komandirlərindən təşəkkür məktubu almışdır. Mikayıl 2016-cı il Aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Vətən uğrunda şəhid olmuşdur. O, tələbə vaxtı özünü mükəmməl şəxsiyyət kimi göstərən, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazanan həmçinin universiteti fərqlənmə diplomu ilə başa vuran, seçilən tələbəmiz idi.
Dekan çıxışında onu da bildirdi ki, Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdı. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Mikayıl Vahabzadə kimi cəsur oğullarımızın ruhu şaddır.
Tədbirdə iştirakçılar çıxış edərək aprel hadisələrində düşmən təxribatı zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, ordumuzun inamlı qələbəsindən söhbət açaraq bildirdilər ki,o günlər hər birimizin xatirində silinməz izlər buraxıb. Aprel döyüşlərində xalqımız şəhidlərini böyük izdihamla dəfn etmiş və səsləndirdikləri şüarlarla dövlətimizin yanında olduqlarını göstərmişdir. Torpağı Vətən edən onun altında yatan əzizlərimizdir. Azərbaycan gəncləri öz şücaəti və mərdliyi ilə seçilərək şəhidlik zirvəsinə yüksəldilər. Elə universitetimizin şəhid məzunu Mikayıl Vahabov da bizə örnəkdir. O, bizim qürurumuz və fəxrimizdir.
Sonda aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş videoçarx nümayiş olundu və tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə tədbir davam etdirildi.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az