Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “YENİ klub” təsis olundu
Sumqayıt Dövlət Universitetində “YENİ klub” təsis olundu
Aprelin 4-də “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universitetinin nəzdində formalaşdırılan “YENİ Klub”un təsis toplantısı keçirildi.
Tədbirdə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev və tələbə heyəti iştirak etdilər.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Tədbirin açlışında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təsis toplantısını açan SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov iştrakçıları və qonaqları salamladı, görüşün əhəmiyyətindən söz açdı. Gənclərin Azərbaycan siyasətində mühüm rol oynadığını bildirən prorektor universitetimizdə tələbələrin ictimai-siyasi aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.
“YENİ Klub” un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inandığını deyən prorektor əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsi olaraq ölkəmizdə layiqli gənclik yetişdiyini diqqətə çatdırdı: “Azərbaycan gəncliyi yüksək biliklərə, geniş dünyagörüşünə malik olmaq, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə layiqli vətəndaşlar kimi formalaşırlar. Biz bu mənada, Azərbaycanın gələcəyini bugünkü ölkə gəncləri ilə bağlayırıq”.
Dosent Elmar Xəlilov onu da qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin  gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya onları layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Hər bir gəncin milliyyətindən, din və irqindən asılı olmayaraq, azərbaycançılıq ideyasına sadiq olmalı, Vətən müharibəsindəki nümunələrin yaşaması və inkişafı üçün əlindən gələni etməli olduğunu deyən prorektor  fikrini belə ümumiləşdirdi: “Bu gün Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir. O, dünyada gedən proseslərə yaxşı bələd olmağı ilə bərabər, yüksək təhliletmə qabiliyyətinə malikdir”.
Prorektor həmçinin SDU-nun nəzdində formalaşdırılan “YENİ klub”un ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini artıracağına, habelə onların şəxsi inkişafına töhvə verəcəyinə inamını ifadə etdi: “Bildiyiniz kimi, biz üçüncü ildir ki, qalib xalq kimi yaşayırıq və bu, həmişə belə olacaq. Siz tələbələr öz uğurlarınız, bilik və bacarığınızla bu qələbəni çoxşaxəli etməli, böyütməli və yaşatmalısınız. “YENİ klub”un fəaliyyətində də məhz dövlətçilik, vətənpərvərlik kimi yüksək dəyərlərin təbliğ olunacağına əminəm”.
Sonra Klubun rəhbəri Tarix və coğrafiya fakültəsinin tələbəsi Songül Kərimzadə “YENİ klub”la bağlı ətraflı məlumat verdi. Klubun ali təhsil müəssisəsi daxilindəki digər təşkilatlarla birgə fəaliyyət həyata keçirəcəyini, yarış, müsabiqə, layihə, debat, diskussiya, təlim, həmçinin xarici dillərdə tədbirlər təşkil edəcəyini, tələbələrin həyatında müsbət mənada rol oynayacağına inandığını bildirdi.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Sumqayıt Dövlət Universitetinin nəzdində formalaşdırılan “YENİ Klub”un təsis edilməsini yüksək qiymətləndirdi. O, çıxışına davam edərək, ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs etdi. Klubların tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında mühüm rol oynayacağını, universitetlərdə təhsil alan tələbələrarası şəbəkələşmənin yaranmasında əsaslı yer tutacağına əminliyini ifadə etdi. 
Qeyd edək ki, “YENİ klub”un təsis olunmasının məqsədi ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az