Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da antiplagiat sisteminin imkanlarına dair təlim təşkil olundu
SDU-da antiplagiat sisteminin imkanlarına dair təlim təşkil olundu
Sumqayıt Dövlət Universitetinin “2021-2025-ci illər üçün Strateji İnkişaf Planının 2023-cü il üzrə Fəaliyyət planı”nda universitetin beynəlxalq reytinq sistemlərində məqsədəuyğun yer tutması istiqamətində elmi nəşrlər sahəsində nəzərdə tutulan işlər çərçivəsində fevralın 27-dən martın 10-dək SDU-nun müəllim və tələbələrinin iştirakı ilə silsilə təlimlərin keçirilməsinə başlanıldı.
Plagiat.pl şirkəti tərəfindən təklif olunan “Strikeplagiarism.com antiplagiat sisteminin istifadəsi və Oxşarlıq Hesabatının təsviri Qaydaları”, “Elmi işlərin plagiata yoxlanılması metodologiyası”, “Sistemin yeni funksionallığı” (tərcümə olunmuş oxşarlığın və plagiatın axtarışı, sistemin istifadəsini asanlaşdıran tapşırıqlar opsiyası və s) mövzuları üzrə silsilə seminar və vebinarlar təşkil olunacaq.
Təlimi SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq “Plagiat.pl” şirkətinin nümayəndələrini və iştrakçıları salamladı, universitetin plagiatla mübarizə strategiyasından və bu istiqamətdə SDU ilə Plagiat.pl şirkəti arasında qurulan əməkdaşlığın nəticələrindən bəhs etdi. O, məsələnin kompleks həllinin təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun yaradılması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Prorektor onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirilir. Ölkədə Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və müvafiq qurumlarda plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr uğurla icra olunur. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində tətbiqinə başlanılan plagiat proqramı bakalavr, magistr və doktorluq dissertasiyalarına, həmçinin istənilən digər elmi və ya tədris sənədlərini yoxlamağa imkan yaradır. Ümid edirəm ki, bu proses gələcəkdə də uğurla davam edəcək.
Daha sonra təlimçi Fəridə Rzazadə iştirakçıları StrikePlagiarism.com antiplagiat sisteminin yeni interfeysi, proqramın işləmə mexanizmi barədə ətraflı məlumatlandırdı. Təhsil müəssisələri üçün tətbiq olunan yeni interfeysin üstünlükləri və interfeysin daha rahat və intuitiv olunması ətrafında geniş təqdimatla çıxış etdi. Həmçinin elmi işlərdə plagiatın aşkar olunmasında sistemlə yanaşı, ekspertlərin rəyinin də mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırdı.  
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Qeyd edək ki, “Plagiat.pl” şirkəti 2002-ci ildə Polşada fəaliyyətə başlayıb, şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır. Bu gün şirkət Polşa, Rumıniya, Almaniya, Moldova, Kolumbiya, Qazaxıstan və Azərbaycandakı sifarişçiləri proqramlarla təmin edir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az