Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Fevralın 9-da Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Rektor professor Elxan Hüseynov Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini salamladı, fevralın 6-da Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı kədərləndiyini qeyd etdi. Zəlzələ zamanı həlak olanlarla bağlı qardaş Türkiyə xalqına SDU-nun kollektivi adından başsağlığı verdi, yaralananların tezliklə şəfa tapmasını arzuladı.
Bildirdi ki, Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycan xalqı ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olmaqla, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərildi və bu yardımlar davam edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başlatmışdır. Bu istiqamətdəSumqayıt Dövlət Universitetinin əməkdaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, könüllü surətdə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə universitetdə Qərargah yaradılması təklif edildi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qərara alındı.
Sonra 2022/23-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrinə hazırlıq barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDTK üzrə SDU-nun nəzdində SDTK-nın direktoru dosent Mətanət Pirquliyeva məlumat verdilər. Bildirdilər ki, SDU-da imtahan sessiyası dövründə fakültə rəhbərliyinin, Doktorantura və magistratura şöbəsinin və universitet rəhbərliyindən nümayəndələrin mütəmadi imtahanları izləməsi imtahan sessiyasının yüksək səviyyədə keçirilməsini şərtləndirmişdir.Bu istiqamətdə Bakalavriat və magistratura səviyyələri üzrə imtahan sessiyasının gedişində Tədris Metodik Mərkəzin, Doktorantura və magistratura şöbəsinin, bütün dekanlıqların, Apellyasiya komissiyasının və İmtahan qərargahının fəaliyyətləri təqdirəlayiq hesab edildi.
İnnovasiya Yaradıcılıq Mərkəzinin fəaliyyətinin təşkili barədə Elmi hissənin müdiri dosent Samir Orucov geniş məlumat verdi. SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin Əsasnaməsi təsdiq edildi.
Elmi hissədə İnnovasiya Yaradıcılıq Mərkəzi üçün otaqların ayrılması və zəruri vasitələrlə təmin edilməsi İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyevə tapşırıldı.
İnnovasiya Yaradıcılıq Mərkəzinin ilkin işçi heyətinin 2 ştat vahidi (İYM-in rəhbəri-1 ştat vahidi; operator-1 ştat vahidi) olmaqla ştat cədvəli təsdiq edildi.
Sonra İnnovasiya Yaradıcılıq Mərkəzinin rəhbərinə SDU-nun rektorunun 27.05.2022-ci il tarixli R-29/1 nömrəli əmrinə əsasən Startap layihələrinin müəllifləri ilə işlərin aparılması məqsədilə İYM-də yaradılan Mentor qrupunun üzvləri üçün təlimlərin keçirilməsi, Startap layihələrinin müəllifləri ilə işlərin aparılması məqsədilə İYM-də yaradılan Ekspert qrupunun üzvləri üçün təlimlərin təşkil edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və digər qurumlar tərəfindən təşkil olunan Startap, Hakaton müsabiqə və sərgilərində SDU-nun tələbə və müəllimlərinin, həmçinin İNNOLAND nəzdində SUP.VS startaplara investisiya almaqda kömək etmək, mentorluq, müştəri dəstəyi və məhsul hazırlanması üzrə ixtisaslaşan startap akseleratoru və korporativ innovasiya şirkəti tərəfindən təşkil olunan Mentor təlim, İnkubasiya İdarəetmə və Spartap təlim proqramlarında SDU-nun tələbə və müəllimlərinin dinləyici qismində iştiraklarını təşkil etmək tapşırıldı. SDU-nun nəzdində SDTK-nın əməkdaşlarının İYM-də yaradılan Mentor və Ekspert qruplarına üzv qəbul olunması məqsədəuyğun hesab edildi.
İclasda İnnovasiya Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq (bu vəzifəyə işçi qəbul edilənədək) Avtomatika və idarəetmə kafedrasının müdiri professor Cavanşir Məmmədova həvalə olundu.
31 Mart − Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçiriləcək tədbirlər planının müzakirəsi barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış etdi, tədbirlər planı təsdiq edildi və “31 Mart − Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar planlaşdırılmış tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilova tapşırıldı.
Müxtəlif məsələlərin müzakirəsində Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Aparılan müzakirələrdən sonra Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktorantı Əhmədova Aynur Nofəl qızının yeni redaksiyada dissertasiya mövzusu və elmi rəhbəri təsdiq olundu.
İclasda SDU-nun Keyfiyyət Təminatı üzrə Komissiyasının Əsasnaməsi təsdiq edildi.
SDU-nun Mühəndislik ixtisasları üzrə mütəxəssis hazırlığı aparılan fakültələrdə əlavə fəhlə-peşə ixtisasının təşkili haqqında   Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov çıxış etdi. Qeyd etdi ki, bir çox xarici ölkələrin qabaqcıl universitetlərində bakalavriat səviyyəsində təhsil alan tələbələrə əlavə fəhlə-peşə təhsilinin verilməsi və müvafiq səriştələrə yiyələndikləri üçün onlara sertifikatın verilməsi ənənəsi mövcuddur. Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrlə əlavə olaraq fəhlə-peşə ixtisası üzrə tədris və təlimin aparılmasına SDU-nun maddi-texniki bazası və kadr potensialı imkan yaradır.
İclasda SDU-da mühəndislik ixtisaslarının bakalavriat səviyyəsində əlavə olaraq fəhlə-peşə ixtisasının təşkili və həmin ixtisası bitirən məzunlara bakalavr diplomu ilə yanaşı, müvafiq peşə səriştələrinə yiyələndikləri barədə sertifikatın verilməsi məqsədəuyğun hesab edildi. SDU-da bakalavriat səviyyəsi üzrə mühəndislik ixtisaslarını bitirən məzunlara bakalavr diplomu ilə yanaşı, fəhlə-peşə səriştələrinə yiyələndikləri barədə sertifikatın verilməsinə və bu müddəanın SDU-nun Nizamnaməsinin 1.25 bəndinə əlavə edilməsinə icazə verilməsi və bu əlavənin təsdiq olunması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi və bildirdi ki, Elmi Şuraya 20 fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Sonra elmi adların verilməsi ilə əlaqədar SDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent (attestatsız) Sona Məhərrəmovaya elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması barədə məsələ müzakirə olundu.
Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən Sona Məhərrəmovaya dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az