Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gənclər Ulu öndər siyasətinin davamçılarıdır” adlı dəyirmi masa təşkil olundu
SDU-da “Gənclər Ulu öndər siyasətinin davamçılarıdır” adlı dəyirmi masa təşkil olundu
Yanvarın 30-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Gənclər Ulu öndər siyasətinin davamçılarıdır” adlı dəyirmi masa keçirildi.
Tədbirdə fakültənin dekanı professor Adil Baxşəliyev, müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə professor Adil Baxşəliyev açaraq iştirakçıları salamladı, Azərbaycan Gənclər siyasətinin banisi, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı uğrunda gördüyü işlərdən ətraflı bəhs etdi. Bildirdi ki, Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən bir qədər sonra respublikada inkişaf və tərəqqi özünü göstərməyə başlamış, iqtisadiyyatın bütün sahələri, o cümlədən elm, təhsil, mədəniyyət sürətlə inkişaf etmişdir.
Professor Adil Baxşəliyev qeyd etdi ki, Ulu öndər hakimiyyətdə olduğu dövrdə yüksəkixtisaslı kadr hazırlığına diqqət artırılmış, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmış, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edilmişdir.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident cənab İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər". Adil Baxşəliyev onu da əlavə etdi ki, gənclər hər zaman ölkənin milli mənafeyini qorumalı, təhsil və davranışları ilə nümunə olmalı, vətənin inkişafı naminə əzmlə çalışmalıdırlar.
SDU-nun TGT Kitab klubunun sədri Ayşə Əmrahova “Gənclərin cəmiyyətin həyatındakı rolu”, sədr müavini, 845-ci qrup tələbəsi Nihad Hüseynov “Gənclərin dünyagörüşünün artırılması və şəxsi inkişafının təmin edilməsində dövlətin rolu” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini bu gün layiqincə davam etdirən Prezident cənab İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar. Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli, o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımdan sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az