Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Şuşa-270” adlı elmi-praktik konfrans keçirildi
SDU-da “Şuşa-270” adlı elmi-praktik konfrans keçirildi
Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində “Şuşa İli”nə həsr olunmuş “Şuşa-270” adlı elmi-praktik konfrans keçirildi.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Konfransı giriş sözü ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov açaraq konfransın önəmindən bəhs etdi. Şuşanın xalqımız üçün tarixi əhəmiyyətə və yüksək mədəni-mənəvi dəyərə malik olduğunu, strateji mövqedə yerləşən bu şəhərin Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 2020-ci ilin noyabrın 8-də erməni işğalından azad edilməsinin Qələbənin qazanılmasına səbəb olduğunu qeyd etdi. Qarabağ Zəfərindən dərhal sonra Şuşanın əvvəlki tarixi görkəminin və mədəni ruhunun bərpa edilməsi istiqamətində dövlətin həyata keçirdiyi kompleks və sistemli tədbirlərdən danışan dosent Elmar Xəlilov Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm tarixi əhəmiyyətə malik hadisə olduğunu vurğuladı. Prorektor Sumqayıt Dövlət Universitetində  “Şuşa İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açdı, keçirilən tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olacağını qeyd etdi və bugünkü elmi-praktik konfransın əsas məqsədinin Qarabağla bağlı aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsi olduğunu diqqətə çatdırdı.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Şuşa şəhərinin siyasi tarixi”, kafedranın baş müəllimi Samin Qocayev “Şuşa şəhərinin strateji əhəmiyyəti”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov  “Mədəniyyət beşiyi Şuşa”, Tarix və coğrafiya fakültəsinin  IV kurs tələbələri: Songül Kərimzadə “Şuşa şəhərinin azad edilməsi - Vətən müharibəsinin zirvəsi, qalibiyyətin təntənəsidir”, Fərid Abbaszadə “Şuşa şəhərində aparılan abadlıq, quruculuq işləri geri dönüşün müjdəsidir” mövzularında çıxış etdilər. Bildirdilər ki, bu gün Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşa gündən-günə inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşmağa çalışır. Şuşanın ən böyük sevinci isə illərdir həsrətini çəkdiyi doğma sakinlərinə yenidən qovuşmasıdır.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək Qarabağın incisi sayılan Şuşanı iki il əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını qeyd etdi, 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın əhəmiyyətindən danışdı. Professor Adil Baxşəliyev diqqətə çatdırdı ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, eləcə də ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini həmişə qoruyub-saxlayan bu şəhər yetişdirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə silinməz səhifələr yazmışdır.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az