Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Qazilərimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirildi
“Qazilərimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirildi
Dekabrın 22-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində “Qazilərimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov qaziləri və iştirakçıları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs etdi. Dosent Mahal Muradov şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğuladı. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi. Bildirdi ki, qürur hissi keçiririk ki, həmin gənclər arasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri var. Dekan şəhid  məzunlar  haqqında  da danışaraq, onların vətənpərvər, nümunəvi tələbə olduğunu diqqətə çatdırdı. Bildirdi ki, universitetdə 44 günlük Vətən müharibəsi və “Şanlı Zəfər” tarixinin öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılır, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi, I Qarabağ müharibəsinin qazisi polkovnik-leytenant Tapdıq Hacıyev çıxış edərək Birinci Qarabağ müharibəsində yarımçıq qalan işi vətənpərvər gənclərimiz tamamlaya bildiyi üçün özünü xoşbəxt hiss etdiyini diqqətə çatdırdı. Bildirdi ki,  qazandığımız şanlı Zəfər sayəsində otuz ilin torpaq həsrəti 44 gün ərzində sona yetdi.
Fakültənin I kurs tələbələri, II Vətən müharibəsinin qaziləri: Ramil Məhərrəmov, Hüsü Sarıyev və məzun qazi Vüsal Rzayev çıxış edərək tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından bəhs etdilər, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn əsgər yoldaşları ilə bağlı xatirələrini bölüşdülər və onların qəhrəmanlıqlarından danışaraq bildirdilər ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova “Şuşamızın ekologiyasını qoruyaq” adlı aksiya haqqında danışaraq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə ekoloji fəlakətin qarşısının alınması istiqamətində işlərə start verilmişdir. Dosent Rəhilə Əhmədova onu da diqqətə çatdırdı ki, ermənilər bizim yaşayış məntəqələrini talayıb qarət etməklə yanaşı, təbiətimizə də ciddi ziyan vurublar. Ağacları kəsiblər, meşələri məhv ediblər, çaylarımızı zəhərləyiblər, faydalı qazıntıları oğurlayıblar. Bizim qarşımızda tək şəhər və kəndləri deyil, təbiəti də bərpa etmək vəzifəsi durur. Qarabağda şəhərlərimiz yenidən tikiləcək. Bu bizə imkan verir ki, ekoloji problemlərə diqqət yetirək. Bu istiqamətdə ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub-saxlanması istiqamətində öz dəstəyimizi nümayiş etdirməliyik.
Tədbirin sonunda Tarixi Zəfərə həsr olunan videoçarx nümayiş etdirildi. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az