Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı, bildirdi ki, Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group” QSC-nin dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə ölkə çempionatı keçirilmişdir. Çempionatda 16 komanda arasında Sumqayıt Dövlət Universitetinin minifutbol üzrə komandası da iştirak etmiş və turnirin xatirə kuboku universitetimizə təqdim olunmuşdur. Rektor bununla əlaqədar kollektivi təbrik etdi, gündəlikdə duran məsələlər barədə məlumat verdi. Sonra gündəlikdə olan məsələlər müzakirə olundu.
2022-ci ildə Sumqayıt Dövlət Universitetində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri haqqında Elmi hissənin müdiri dosent Samir Orucov çıxış etdi. Bildirdi ki, SDU-nun Strateji inkişaf planına uyğun olaraq, “Elmi xəbərlər” jurnalının Scopus Beynəlxalq elmi məlumat bazasında yerləşdirilməsi istiqamətində aparılan işlər qənaətbəxşdir. SDU-nun Nəşr etikası komitəsinin (NEK) və “Crossref”in üzvü olması, “Elmi xəbərlər” jurnalında dərc olunan məqalələrə DOI-nin alınması təmin edilmişdir. 
İclasda SDU-nun “Elmi xəbərlər” jurnalının hər iki bölməsinin yüksək elmi-analitik informasiya bazasına – Rusiya elmi istinad indeksinə (РИНЦ) daxil olması müsbət qiymətləndirildi və növbəti mərhələdə Elmi xəbərlər jurnalının Scopus beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olması istiqamətində aparılan işlərin daha da gücləndirilməsi Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova həvalə olundu.
2022−2023-cü tədris ilində Sumqayıt Dövlət Universitetinin tələbələri arasında keçirilmiş sorğuların nəticələri və məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi haqqında Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova çıxış edərək bildirdi ki, tələbələr arasında keçirilən sorğunun nəticələrinə əsasən tələbələrin məmnunluq səviyyəsi yüksəkdir. Tələbələrin irəli sürdüyü rəy və təkliflərə baxılması müvafiq struktur rəhbərlərinə tapşırıldı.
Dayanıqlı keyfiyyət təminatını təşkil etməkdən ötrü Təhsildə keyfiyyət təminatı şöbəsi tərəfindən hazırlanan Keyfiyyət Təminatı Siyasəti sənədi müzakirəyə çıxarıldı və qəbul edildi.
Akademik qruplarda keçirilmiş açıq dərslərin nəticələri haqqında Tədris Metodiki Şuranın sədri dosent Musa Mustafayev məlumat verdi. Bildirdi ki, təsdiq olunmuş qrafik üzrə açıq dərslərin keçirilməsi ilə yanaşı, qrafikdənkənar akademik qruplarda keçirilən dərslərdə iştirak etmək SDU-nun Tədris Metodik Şurasının sədri dos.M.Mustafayevə, fakültələrin Tədris Metodik Şuralarının sədrləri: prof. Ş.Səlimov, prof.N.İsgəndərova, dos.A.Baxşəliyev, dos.Q.Hüseynov, dos. K.Əliyeva, dos. Ş.Məmmədova, dos. A.Həşimova və kafedra müdirlərinə tapşırılıb. Dərslərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə akademik qruplarda keçirilən açıq dərslərdə qeyd olunan irad, rəy və təkliflərin kafedra iclaslarında müzakirə edilməsi, fənn müəllimlərinin və ümumiyyətlə, kafedra əməkdaşlarının nəzərinə çatdırılması kafedra müdirlərinə tapşırılıb.
“Ən yaxşı monoqrafiya” nominasiyası üzrə keçirilmiş müsabiqənin yekunları haqqında Müsabiqə komissiyasının məsul katibi dosent Qadir Mənsurov çıxış etdi. Bildirdi ki, müsabiqənin keçirilməsi SDU-nun Strateji İnkişaf Planının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulmuşdur. “Ən yaxşı monoqrafiya” nominasiyası üzrə müsabiqənin vaxtının 2023-cü ilin sonunadək uzadılması məqsədəuyğun hesab edildi.
SDU-nun Karyera Mərkəzinin adında qismən dəyişiklik edilməsi və mərkəzin yeni əsasnaməsinin təsdiqi barədə Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev çıxış etdi. Bildirdi ki, mərkəzin abituriyentlərlə, tələbələrlə və məzunlarla işinin gücləndirilməsi və fəaliyyət istiqamətlərinin genişləndirilməsi davam etdirilir.
Çıxışdan sonra SDU-nun Karyera Mərkəzinin adı Karyera və Məzunlarla İş Mərkəzi adlandırıldı və əsasnaməsi təsdiq edildi.   
Sonra cari məsələlər müzakirə edildi. Elmi katib professor Muxtar Səmədov tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar çıxış etdi, bildirdi ki, Elmi Şuraya 11 tədris vəsaiti daxil olub, onlardan 1-i dərs vəsaiti, 10-u isə fənn proqramıdır. Təqdim olunan tədris vəsaitləri müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olundu.
İnformatika kafedrasının assistenti Nəsirova Elmira Əliş qızının dissertasiya işinin mövzusu və elmi rəhbəri təsdiq edildi. Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyevin həmin kafedraya professor vəzifəsinə seçkisi gizli səsverməyə buraxıldı və səsvermənin nəticəsinə əsasən Şəfa Əliyev Dünya iqtisadiyyatı və marketinq kafedrasına professor vəzifəsinə seçilmiş hesab edildi.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Nemət İbayevə elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu. Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən dosent Nemət İbayevə dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
Bununla da Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az