Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İqtisadiyyatda ümumi ekvivalentin sirləri” adlı tədbir keçirildi
SDU-da “İqtisadiyyatda ümumi ekvivalentin sirləri” adlı tədbir keçirildi
Dekabrın 19-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “İqtisadiyyatda ümumi ekvivalentin sirləri” adlı tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları müxtəlif ölkələrin pul vahidlərinə həsr olunmuş sərgiyə baxış keçirdilər.
İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları Şükür Əliyev və Nuranə Bağırovanın aparıcılığı ilə davam edən tədbirdə söz fakültənin dekanı dosent Aynurə Yəhyayevaya  verildi. 
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək Sumqayıt Dövlət Universitetinin kollektivini 60 illik yubiley münasibətilə təbrik etdi və bildirdi ki, bu il noyabrın 18-də doğma universitetimizin 60 illik yubileyini təntənəli surətdə qeyd etdik. Bu münasibətlə başda hörmətli rektorumuz professor Elxan Hüseynov olmaqla bütün əməkdaşlarımızı və tələbələrimizi ürəkdən təbrik edir və hər birinə işlərində uğurlar arzu edirik! İqtisadiyyat və idarəetmə fakültəsi olaraq hazırladığımız tədbiri məhz doğma universitetimizin 60 illik yubileyinə həsr etməyi özümüzə borc bildik. Son illər SDU-da olduğu kimi fakültəmizdə də müxtəlif səpkili silsilə tədbirlər həyata keçirilmişdir ki, bunlardan bilik yarışı, beynəlxalq seminar, məharət dərsləri, “Şuşa İli” ilə bağlı “Şuşa-Qarabağın tacıdır, Zəfərimizin başlanğıcıdır” adlı ədəbi-bədii tədbirləri misal göstərə bilərik. Bu gün isə növbəti “İqtisadiyyatda ümumi ekvivalentin sirləri” adlı tədbiri keçirməkdə əsas məqsədimiz mühüm iqtisadi kateqoriya kimi pulun əsl mahiyyətini üzə çıxarmaq, pulun yaranma tarixinə, onun yerinə yetirdiyi funksiyalara bir daha nəzər yetirməklə həyatımızda oynadığı rolu düzgün müəyyənləşdirməkdir.
“İqtisadiyyatda ümumi ekvivalentin sirləri” adlı tədbirin əhəmiyyətindən bəhs edən dekan bildirdi ki, son zamanlar dünyada geniş yayılmış elektron pullar, kriptovalyutalar və digər pul vahidləri  haqqında maariflənmək çox vacibdir. Çünki iqtisadiyyatda geniş mahiyyət kəsb edəcək ümumi ekvivalent məhz puldur. Müasir insanı pulsuz, yəni, əmtəə və xidmətlərin dəyərini ölçən vahidsiz təsəvvür etmək çox çətindir. Bu ölçü vahidi insanlara universal alət kimi maddi və qeyri-maddi dəyərləri hesablamaqda yardımçı olur.
Sonra iqtisadiyyatda ümumi ekvivalentin sirlərinə həsr olunmuş təqdimatlar və səhnəciklər nümayiş olundu, tanınmış şəxsiyyətlərin pulla bağlı fikirləri və aforizimləri səsləndirildi.
Tələbələr pulun meydana gəlməsi və onun funksiyaları haqqında geniş məlumat verdilər.
Yekun olaraq universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı və bu kimi tədbirlərin istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini qeyd edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və gənclərə uğurlar arzuladı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az