Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda II Respublika elmi konfransı keçirildi
“Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda II Respublika elmi konfransı keçirildi
Dekabrın 15-də Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda onlayn formatda II Respublika elmi konfransı öz işinə başladı.       
Konfransda SDU-nun professor-müəllim heyəti ilə yanaşı, respublikamızda fəaliyyət göstərən bir sıra ali məktəb və elmi tədqiqat institutlarının alimləri, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin aparıcı universitetlərinin alimləri iştirak edirdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı və konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd etdi. Sumqayıt Dövlət Universitetinin qazanılan nailiyyətlərindən və qarşıda duran vəzifələrdən söz açan prorektor SDU-nun ölkəmizin elmi-intellektual potensialının inkişafına verdiyi əvəzsiz töfhələrdən danışdı. O, bildirdi ki, təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf və təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi dövrü kimi xarakterizə olunur.
Professor Ramazan Məmmədov kompüter elmlərinin sürətli inkişafının riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırdı və bildirdi ki, elm sahələri arasında riyaziyyatın özünəməxsus yeri vardır. Ən fundamental səviyyədə riyaziyyat kainatı idarə edən qanunları dərk etməyimizin əsasını qoyur. Bu, cəmiyyətimizdəki texnoloji tərəqqini müəyyən edən amil olaraq, elmi-pedaqoji kadrların hazırlanmasına önəmli töhfələr verir.
Belə konfransların mütəmadi təşkilinin vacibliyini qeyd edən prorektor konfransın işinə uğurlar arzuladı. 
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun professoru Kamil Aydazadə “Xətti parabolik və hiperbolik tənliklər üçün tərs məsələlər siniflərinin həllinə dair”, Bakı Dövlət Universitetinin professoru Knyaz Məmmədov “Neftçıxarma prosesində parametrləri intervallarda olan işləməyən quyuların təmir üçün optimal seçilməsi məsələsi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter elmləri kafedrasının professoru Əbülfət Pələngov “Tədris prosesində informasiya texnologiyalarının istifadəsinin konseptual əsasları və mahiyyəti”, İdarəetmə Sistemləri İnstitutunun dosenti İlqar Məmmədov “Dominant qarışıq törəməli anizotrop Sobolev fəzasında funksiyaların inteqral göstərişi və onun tətbiqi barədə”, Sumqayıt Dövlət Universitetinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev “İkilik çoxparametrli qeyri-xətti modulyar dinamik sistemlərin sintezi məsələləri” adlı məruzələrlə çıxış etdilər.    Azərbaycanın gələcək inkişafı üçün vacib strategiyanın, vahid elm-təhsil siyasətinin təməllərinin yaradılmasında, elm və təhsilin dünya səviyyəsinə istiqamətləndirilməsində bu kimi konfransların əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, 60 illik təcrübəsi olan Sumqayıt Dövlət Universiteti müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcək.
Daha sonra Riyazi və tətbiqi analizin müasir formaları, diferensial tənliklər, modelləşdirmə, optimallaşdırma və optimal idarəetmə məsələləri, intellektual idarəetmə sistemlərinin modelləşdirilməsi, riyaziyyat və informatikanın tədrisində innovativ texnologiyaların tətbiqi mövzularında müzakirələr aparıldı.
SDU-nun Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə bölüşmək, eləcə də gənclərin elmə olan marağını artırmaqdır. İki gün keçiriləcək konfransda, həmçinin ortaq problemlər müzakirə ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək.
Konfransın sonrakı işi haqqında məsul katib Vüsalə Babacanova məlumat verdi. Qeyd etdi ki, konfransa 95 tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.
Konfrans öz işini bölmə iclaslarında davam etdirdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az