Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi
SDU-da “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi
Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir. Bu məqsədlə Sumqayıt Dövlət Universitetində hər il müxtəlif səpkili tədbirlər keçirilir və  tələbələr maarifləndirilir.
Dekabrın 1-də Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə “Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə bağlı “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq, iştirakçıları salamladı, QİÇS pandemiyasının dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olduğunu qeyd etdi. Tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayan dosent Elmar Xəlilov bu cür tədbirlərin təşkil olunmasında əsas məqsədin  gəncləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, universitetimizdə bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.
Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən prorektor Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Pis vərdişlərə qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəlalardan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməli olduğunu vurğuladı və gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək QİÇS xəstəliyinə qarşı mübarizənin aktual məsələlərdən biri olduğunu söylədi. Bildirdi ki, QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs etdi, QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışdı. Bildirdi ki, həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.
Tədbirdə eyni zamanda QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az