Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bakı Dövlət Universitetində SDU-nun 60 illik yubileyi qeyd edilib
Bakı Dövlət Universitetində SDU-nun 60 illik yubileyi qeyd edilib
Azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən, ölkədə maarifçiliyin, elmin tərəqqisində misilsiz xidmətləri olan  Sumqayıt Dövlət Universitetinin yubiley tədbirləri respublikamızın şəhər və  bölgələrində geniş qeyd edilir.
Noyabrın 11-də Bakı Dövlət Universitetində təşkil edilən tədbirdə BDU-nun rektoru Elçin Babayev, universitetin professor-müəllim və tələbə heyəti, SDU-nun rektoru professor Elxan Hüseynov və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzdülər.
Rektor Elçin Babayev dəyirmi masa ətrafında SDU-nun rektoru professor Elxan Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək universitetdə görməkdən məmnunluğunu ifadə etdi və 60 illik yubiley münasibətilə Sumqayıt Dövlət Universitetinin kollektivini təbrik etdi, xoş arzularını çatdırdı.
Sonra görüş BDU-nun Heydər Əliyev Muzeyində davam etdi. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elm və təhsil siyasəti, zəngin maarifçilik ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir. Ölkədə təhsilin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərinin müəyyənləşdirilib həyata keçirilməsi istiqamətində ali məktəblərin üzərinə şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsində SDU-nun da özünəməxsus yeri var. 1962-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun tədris bazası kimi fəaliyyətə başlamış SDU 1992-ci ildə müstəqil Azərbaycan Sənaye İnstitutuna çevrilib. Bu təhsil müəssisəsinin yaradılması Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək edən texniki sahələr üzrə kadrların hazırlanması prosesinə, ekoloji problemləri olan şəhərin sağlam bir zonaya çevrilməsinə, elm, təhsil və mədəniyyətin inkişafına təkan verib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Sənaye Universitetinin bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması mühüm hadisəyə çevrilib. Hazırda SDU beynəlxalq standartlara cavab verən, yüksəkixtisaslı kadrlara malik universitetə çevrilmək istiqamətində uğurlu tədbirlər həyata keçirir. İdarəetmə sistemində yeni yanaşmalar təhsilin, elmin inkişafına, müasir texnologiyaların tətbiqinə zəmin yaradır.
Rektor qeyd etdi ki, ölkəmizin elm və təhsil siyasətinin inkişafına öz töhfələrini verən BDU ilə SDU arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Elmi əməkdaşlıq, müdafiələrin təşkili, elmi-pedaqoji heyətin BDU-da təcrübə keçməsi, konfranslarda iştirak bu iki ali təhsil ocağı arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov yubileyə həsr olunan tədbirin təşkili təşəbbüsünə görə  BDU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi, universitet haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, zəngin ənənələrə, özünəməxsus tarixi keçmişə malik olan bu ali təhsil ocağı ötən 60 ildə təkcə ölkəmiz üçün yox, həmçinin regionda maarifçiliyin inkişafında öz xidmətlərini göstərib. SDU yarandığı vaxtdan etibarən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir.
Rektor Elxan Hüseynov özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladaraq qeyd etdi ki, BDU onun üçün son dərəcə doğma və əzizdir. Çünki ömrünün xoş xatirələri Bakı Dövlət Universiteti ilə bağlı olub, bu  universitet onun karyerasının  inkişafında mühüm rol oynayıb.
Sonra Sumqayıt Dövlət Universitetinin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olundu.
BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov və akademik Vasif Babazadə çıxış edərək Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə universitetin bütün professor-müəllim heyətini təbrik etdilər, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi tədbirlərə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin həm keçmişi, həm də bu günü ilə ölkəmizdə nüfuz qazanan universitetlər arasında qabaqcıl sırada olduğunu vurğuladılar.
Daha sonra SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, Əməkdar müəllim professor Ramazan Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev,fakültənin dekan müavini dosent Osman Hacıyev, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova çıxış edərək universitetin tarixi, fəaliyyəti, keçdiyi şərəfli yoldan və əldə olunan nailiyyətlərdən söz açdılar. Qeyd etdilər ki, universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır.
Sonda Bakı Dövlət Universitetinin rəhbərliyi adından SDU-ya xatirə hədiyyəsi təqdim olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az