Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi II Fəxri xiyabanı ziyarət etdilər
İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi II Fəxri xiyabanı ziyarət etdilər
Noyabrın 9-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi fakültənin şəhid məzunu Rəşad Mikayılzadənin şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar II Fəxri xiyabanda şəhidin məzarını ziyarət etdilər, məzarı üzərinə gül çələngi qoydular.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva, eləcə də Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov şəhid Rəşad Mikayılzadənin Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan, döyüş yolundan bəhs edib, onun vətənpərvər, nümunəvi tələbə olduğunu qeyd edərək bu cür igid, mərd oğul yetişdirdiklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıqlarını ifadə etdilər. Onu da vurğuladılar ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər şanlı tariximizə qızıl hərflərlə yazıldı. 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq qələbədə Sumqayıt Dövlət Universitetinin də tələbə gəncləri yüksək vətənpərvərlik nümayiş etdiriblər.
Qeyd edək ki, əslən Lerik rayonunun Camaşayır kəndindən olan Rəşad İlham oğlu Mikayılzadə 30 sentyabr 1995-ci ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. 2013-cü ildə SDU-nun Maliyyə və mühasibat uçotu ixtisasına qəbul olub. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında könüllü kimi iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif edilib. Rəşad Mikayılzadə 2019-cu ildə Yasamal rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Qazax rayonunda yerləşən "N" saylı Hərbi hissəyə göndərilib. Nümunəvi xidmətinə görə 2020-ci ildə Fəxri fərmanla təltif olunub. Rəşad 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlayan II Qarabağ müharibəsinin ilk günlərindən vətənimizin ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmiş, 9 noyabr 2020-ci ildə şəhadətə yüksəlmişdir.
Rəşad Mikayılzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
 
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az