Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun şəhid məzunlarının xatirəsi anılıb
SDU-nun şəhid məzunlarının xatirəsi anılıb
Sumqayıt Dövlət Universitetinin məzunları: Hüseyn Sultanov və Təhmasib Qarayevin şəhadətə yüksəlmələrinin ikinci ildönümü qeyd olunub. Bu münasibətlə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi fakültənin məzunu olmuş şəhidlərin anım mərasimlərində iştirak ediblər.
Qeyd edək ki, şəhid məzun Hüseyn Sultanovun doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Hacıqurbanoba kəndində keçirilən anım mərasimində İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, fakültənin dekan müavini Araz Mirzəbəyov, kafedranın baş müəllimləri: Elnarə Məmmədova, Məhəmməd Əhmədov və tələbə Səbinə Mehrəliyeva iştirak ediblər. Onlar qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid məzunun tələbəlik illəri haqqında xatirələrini bölüşən müəllimləri Azərbaycan xalqı üçün igid, vətənpərvər və mərd oğul yetişdirən valideynlərə dərin ehtiramlarını bildiriblər.
Tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərlə qürur duyduqlarını qeyd edən SDU kollektivinin üzvləri əzəli torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyiblər.
Bildirilib ki, batalyon başçısı kimi döyüşlərə qatılan 24 yaşlı Hüseyn Sultanov 2014‒2018-ci illərdə SDU-da ali təhsil alıb. Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 2020-ci ilin 21 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksələn qəhrəman məzunumuz dövlət başçısının müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Şəhid məzun Təhmasib Qarayevin Ağcabədi rayonunun Kəbirli kəndində keçirilən anım mərasimində isə fakültənin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev, İqtisadiyyat kafedrasının böyük laborantı Şükür Əliyev və tələbə Rəşad Tahirli iştirak edərək  şəhid məzunumuzun  məzarının və adına yaradılmış bulağın önünə gül dəstələri düzüblər. Təhmasibin tələbəlik illəri ərzində həmişə nümunəvi və nizam-intizamlı tələbə olduğunu bildirən müəllimləri onun xatirəsini yad ediblər.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Murov yüksəkliklərinin, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Təhmasib Qarayev 22 oktyabr 2020-ci il tarixində “Qırmızı bazar” deyilən ərazidə gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 23 oktyabr 2020-ci ildə Ağcabədi rayonu Kəbirli kənd qəbirstanlığında dəfn olunub. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az