Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi
SDU-da “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz.
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.
Dövlət müstəqilliyimizin 31-ci ildönümü ilə əlqədar olaraq oktyabrın 18-də Sumqayıt Dövlət Universitetində elmi-nəzəri konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və əlamətdar tarixi hadisənin, Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsinin 31-ci ildönümü münasibəti ilə hər kəsi təbrik etdi, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illərdir yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Lakin Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməzetdi. Ulu Öndərin müstəqilliyimizin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu Prezident cənab İlham Əliyev yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Sonra Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Dövlət müstəqilliyinin bərpasından ötən 31 il ərzində xalqımız böyük və misilsiz inkişaf yolu keçib. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədiləşdirdi”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Fəridə Cəbrayılova “Müstəqilliyimizin möhkəmləndirilməsi İlham Əliyevin siyasətinin ali məqsədidir”, Tarix və coğrafiya fakültəsinin magistrantı Anar Qurbanov “Müstəqilliyimizin qorunmasında gənclərimizin rolu” mövzularında çıxış etdilər.
Yekun olaraq universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” hər birimiz üçün qürur və iftixar dolu bir gündür. Otuz bir illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir.
Qeyd edək ki, universitetin bütün fakültələrində Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbirlər təşkil olunur.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az