Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
SDU-da Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident cənab İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında Sərəncamına uyğun olaraq, oktyabrın 13-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında “Azərbaycan bədii fikrinin görkəmli siması” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Elmi kitabxanasının müdiri Nailə Əmrahova açaraq, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın həyat və yaradıcılığı, eləcə də ədəbi məclisləri haqqında danışaraq bildirdi ki, Xurşidbanu Natəvanın bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə xüsusi yeri var. Vətəni Şuşada “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu olan şairələrimizdəndir. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan işğalçı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda dövlətimzin milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Elmi kitabxananın əməkdaşları ‒ Sevinc Məmmədova       “Xurşidbanu Natəvanın həyatı”,  Xatirə Əliyeva “Xurşidbanu Natəvanın yaradıcılığı” mövzularında çıxış edərək XIX əsrdə yaşayıb-yaratmış istedadlı qadın, şairə Xurşidbanu Natəvanın ədəbiyyat və mədəniyyətimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən, parlaq istedada və qabaqcıl ideyalara malik olan şəxsiyyət olmasından, ədəbi yaradıcılığından, gördüyü xeyriyyə işlərindən  bəhs etdilər.
Tədbirin bədii hissəsində Filologiya fakültəsinin III kurs tələbələri:  Nərmin Qardaşxanlı şairənin “Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm”, Humay   İsayeva isə  “Qərənfil” qəzəllərini səsləndirdilər.
 Tədbirdə yekun nitqlə SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin  sədri Nemət İbayev çıxış edərək XIX əsrdə yaşayıb-yaratmış Xan qızı Natəvanın ədəbiyyat və mədəniyyətimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən danışdı, Xurşidbanu Natəvanın yalnız şairə deyil, həm də Azərbaycanın ictimai-siyasi həyatının son dərəcə əhəmiyyətli simalarından biri olduğunu vurğuladı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az