Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Tələbə Krediti Fondunun nümayəndələri SDU-da oldular
Təhsil Tələbə Krediti Fondunun nümayəndələri SDU-da oldular
Oktyabrın 10-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Sumqayıt Dövlət Universitetində oldular.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək fondun nümayəndələrini salamladı, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.
Fondun idarə heyətinin sədr müavini Bəhruz Əzimov təmsil etdiyi qurumun rəhbərliyi adından tədbir iştirakçılarını salamladı, fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirdi. Bildirdi ki, fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılıb. 2021-2022-ci tədris ili üzrə tələbələrin müraciətlərinin qeydə alındığını söyləyən sədr müavini statistik informasiyaları nəzərə çatdırdı və bu istiqamətdə müraciətlərin davam etdiyini dedi. Bəhruz Əzimov təhsil tələbə kreditlərinin sosial və standart formaları barədə ətraflı məlumat verdi. Beynəlxalq təcrübələrə əsasən aparılan müqayisələrə toxunan və Azərbaycanda ən aşağı faizlərlə kredit verildiyini fikirlərinə əlavə edən fond rəsmisi ölkə Prezidentinin yaratdığı bu imkanın tələbələrin motivasiyasını artıracağını, təhsilin keyfiyyətinə təsir edəcəyini bildirdi.
Təhsil Tələbə Kreditinin universitet üzrə məsul şəxsi Tədris-Metodik Mərkəzin tədris bölməsinin müdiri Sabir Behbudov çıxış edərək qonaqları salamladı və Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında geniş maarifləndirmə işləri aparılır, fond tərəfindən daxil olan məlumatlar vaxtında tələbələrin diqqətinə çatdırılır.
Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı irəli sürülən təkliflər üzrə müzakirələr aparıldı, tələbələrin çoxsaylı sualları fondun əməkdaşları tərəfindən cavablandırıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az