Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində Anım Günü ilə əlaqədar silsilə tədbirlər davam edir
SDU-nun fakültələrində Anım Günü ilə əlaqədar silsilə tədbirlər davam edir
Sentyabrın 26-da Mühəndislik fakültəsində 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev çıxış edərək bildirdi ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan        qələbə qazandı və tarixi ədalət bərpa olundu. Ali Baş Komandanın iradəsi ilə Dəmir Yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızıl hərflərlə yeni səhifə yazdı. Bu Dəmir Yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra Respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Dekan onu da qeyd etdi ki, Vətən müharibəsində qazandığımız Qələbə təkcə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etmədi, bu Zəfər Vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırdı, onlara doğma torpaqlara dönmək imkanını yaratdı.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qaldığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun mənfur düşmənin cəbhəboyu istiqamətlərdə çoxsaylı təxribatlarına cavab olaraq sentyabrın 27-də əks-həmləyə keçərək sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı 44 günlük müharibədə azad etdiyini qeyd etdilər. Bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdar olduqlarını söylədilər. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu vurğuladılar.  
Sonra Vətən müharibəsinin iştirakçısı, fakültənin 643 saylı qrupunun tələbəsi Mircamal Sultanov Vətən müharibəsi günlərində keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun şanlı zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışdı, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarına rəhmət dilədi.
Tədbirdə tələbələrin ifalarında vətənpərvər ruhlu şeirlər səsləndirildi.
Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az