Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Sentyabrın 23-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini, professor-müəllim heyətini salamladıqdan sonra gündəlikdəki məsələlər barədə məlumat verdi. Cari tədris ilinin qəbul statistikası, yeni tədris ilində keyfiyyətli təhsilin təşkili, əsas fəaliyyət istiqamətləri üzrə göstəricilərin daha da artırılması istiqamətində görülən işlərdən danışdı.
2022/23-cü tədris ilində SDU-ya bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun nəticələri barədə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dos.Sabir Xəlilov, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci üzrə SDTK-nın direktoru dos. Mətanət Pirquliyeva ətraflı məlumat verdilər. Qeyd etdilər ki, 2022/23-cü tədris ilində SDU üzrə proqnozlaşdırılmış yerlərə tələbə qəbulunun nəticələri kifayət qədər yüksək olmuşdur.
İclasda Sumqayıt şəhərində və regionun digər şəhər və rayonlarında yerləşən məktəblərdə SDU nümayəndələrinin şagirdlərlə və onların valideynləri ilə görüşlərinin keçirilməsinin davam etdirilməsi və genişləndirilməsi, onlara universitetimizdə mütəxəssis hazırlığı aparılan ixtisaslar haqqında ətraflı məlumatların çatdırılması məqsədəuyğun hesab edildi. SDU-ya tələbə qəbulu üzrə proqnoz planların hazırlanmasında ənənəvi ixtisaslarla yanaşı, təklif olunan yeni ixtisasların da əsaslandırılması və əmək bazarının təhlilinin nəticələrinin nəzərə alınması, SDU-ya yüksək balla qəbul olan istedadlı tələbələrin diqqət mərkəzində saxlanılması və onlarla fərdi işin aparılması fakültə dekanlarına və kafedra müdirlərinə tapşırıldı.
Sonra rektor qeyd etdi ki, proqnoz-planın hazırlanmasında əmək bazarının tələbatını nəzərə almaq vacibdir, eyni zamanda Sumqayıt şəhərində və ətraf regionda müəssisələrlə sıx əlaqə yaratmaq, onların hansı ixtisas üzrə mütəxəssislərə ehtiyaclarını öyrənmək və ciddi təhlillərin nəticəsi əsasında mövcud reallığı nəzərə almaqla, yeni proqnoz-planlar hazırlamaq lazımdır.
2022-ci ilin ikinci yarısında SDU-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfranslara hazırlığın vəziyyəti haqqında Elmi hissənin müdiri dosent Samir Orucov məlumat verdi. Qeyd etdi ki, 2022-ci ilin ikinci yarımilində universitetdə 3 respublika (Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri; Universitet elminin və təhsilinin müasir problemləri (SDU-nun 60 illiyinə həsr olunur); Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi) və 3 Beynəlxalq (Tətbiqi fizika və energetikanın aktual məsələləri; İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər; Enerji effektivliyi və yaşıl enerji texnologiyası (ATU-SDU)) səviyyəli elmi konfransların keçirilməsi planlaşdırılıb.
Samir Orucov onu da qeyd etdi ki, SDU-da keçirilən respublika və beynəlxalq səviyyəli elmi konfranslar məzmun və forma cəhətcə yüksək səviyyədə təşkil olunur və keçirilir. Konfrans materialları, bir qayda olaraq, konfrans gününədək nəfis formada hazırlanıb nəşr olunur. Orucov  2022-ci ilin ikinci yarımilində də keçiriləcək elmi konfranslarda bu ənənənin gözlənilməsi və davam etdirilməsinin müvafiq struktur rəhbərlərinə tapşırıldığını diqqətə çatdırdı.
Rektor SDU-da keçirilən respublika və beynəlxalq səviyyəli konfransların yüksək səviyyədə keçirilməsi üçün respublikamızın universitetlərindən və xarici ölkələrdən mütəxəsislərin dəvət olunmasını struktur rəhbərlərinə tövsiyə etdi.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov 27 Sentyabr –Anım Günü ilə əlaqədar görüləcək işlər və 8 Noyabr – Zəfər Gününün qeyd olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat verdi. Diqqətə çatdırdı ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. Sərəncamlara əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd edilir. Bu Sərəncamlara uyğun olaraq, Sumqayıt Dövlət Universitetində keçiriləcək silsilə tədbirlərin planı təsdiq edilmişdir.
Rektor çıxışında 27 sentyabr‒Anım Günü ilə əlaqədar şəhid məzunlarımızın valideynlərini ziyarət etməyi, Anım günündə onları universitetə dəvət etməyi və Tədbirlər Planında nəzərdə tutulan bütün məsələlərin vaxtında yerinə yetirilməsini, eyni zamanda 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar tədbirlərin yüksək səviyyədə keçirilməsini, Hərbi Qənimətlər Parkına tələbə və əməkdaşların geniş miqyasda ziyarətinin təşkil olunmasını struktur rəhbərlərinə tövsiyə etdi.
Sonra SDU-nun 60 illik yubileyi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verən dosent Elmar Xəlilov bildirdi ki,  “SDU‒60” kitabının hazırlanıb başa çatdırılmasının təmin edilməsi kitabın redaktoru Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri prof.A.Məmmədova tapşırılıb. SDU-nun 60 illik yubileyinə müvafiq suvenirlərin, döş nişanlarının hazırlanması istiqamətində işlər həyata keçirilir. “Sumqayıt Universiteti” qəzetinin yubiley nömrəsinin hazırlanması üçün məqalələrin hazırlanması struktur rəhbərlərinə tapşırılıb.
Daha sonra müxtəlif məsələlərin müzakirəsi aparıldı.
Elmi katib professor Muxtar Səmədov işçi-tədris proqramlar ‒ sillabusların təsdiqi, əcnəbi vətəndaşların hazırlıq kursu üçün işçi-tədris planının təsdiqi, tədris, elm və kargüzarlıq sənədləri toplusunun təsdiqi, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi.
Elmi Şuranın iclasını yekunlaşdıran rektor professor Elxan Hüseynov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzu etdi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az