Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Əsrin müqaviləsi”-nin 28 illiyi ilə bağlı Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirildi
SDU-da “Əsrin müqaviləsi”-nin 28 illiyi ilə bağlı Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirildi
Sentyabrın 20-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Əsrin müqaviləsi” - Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi strategiyasının təntənəsidir” mövzusunda məşğələ keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq iştirakçıları salamladı, Azərbaycanda neft strategiyasının inkişafından və Ulu öndər Heydər Əliyevin bu sahədəki əvəzsiz xidmətlərindən danışdı. "Əsrin müqaviləsi"nin imzalanmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan rektor Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfələrdən bəhs etdi. Qeyd etdi ki, bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 28 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda “Neftçilər Günü” kimi qeyd olunur. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Bu əlamətdar gün münasibətilə onları ürəkdən təbrik edərək yorulmaz fəaliyyətlərində böyük uğurlar arzulayıram.
Rektor onu da vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. 2002-ci ildə Ulu Öndərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur. Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Ulu Öndərin siyasi-iqtisadi kursuna sadiq qalan dövlətimizin başçısı bu yolla müstəqilliyimizi daha da möhkəmləndirir, Azərbaycanı güclü iqtisadiyyata malik qüdrətli ölkəyə çevirir. Vətən müharibəsində qazanılmış şanlı Qələbə məhz bu uğurlu siyasətin bariz nümunəsidir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Əsrin müqaviləsinin Azərbaycanın tarixi inkişafında yeri və rolu” mövzusunda məruzə edərək Azərbaycanın neft strategiyasının ölkənin inkişafında faydasından söz açdı. Bildirdi ki, bu gün Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Məruzə ətrafında Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri, professor Əkbər Ağayev “Əsrin müqaviləsi müstəqil Azərbaycanda neft sənayesinin inkişafının təməlidir”, İqtisadiyyat kafedrasının müdiri,dosent Lalə Mahmudova “Əsrin müqaviləsinin Azərbaycanın sosial-iqtisadi inkişafında rolu”, Xarici dillər kafedrasının müəllimi Aytən Bünyatova “Azərbaycanın xarici siyasətində Əsrin müqaviləsinin yeri", İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Fatimə Muradzadə “Yeni Əsrin müqaviləsi – Əsrin müqaviləsinin davamıdır” mövzularında çıxış etdilər. Bildirdilər ki, Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir. Ancaq xalqımız bu sərvətdən yalnız XX əsrin sonlarında – müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə etdi. Bu imkanı reallığa çevirən isə Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyası oldu. “Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı. Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti bu gün ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az