Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları ABŞ Səfirliyinin sertifikatlarına layiq görüldülər
SDU-nun əməkdaşları ABŞ Səfirliyinin sertifikatlarına layiq görüldülər
18 iyul 2022-ci il tarixində Sumqayıt Dövlət Universitetində ABŞ-ın Azərbaycandakı Səfirliyinin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi proqramlar çərçivəsində “Akademik məqsədlər üçün ingilis dili” təliminin 2-ci mərhələsini uğurla başa çatdırmış iştirakçılara sertifikatların təqdimetmə mərasimi keçirildi.
Tədbiri Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev giriş sözü ilə  açaraq, SDU-nun rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı, beynəlmiləlləşmə istiqamətində akademik mobillik, xaricdə magistratura təhsili, ikili diplom proqramlarının əhəmiyyətindən danışdı. Ali təhsildə beynəlmiləlləşmənin xarici dillərin yüksək səviyyədə mənimsənilməsindən keçdiyini diqqətə çatdıraraq ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən “Akademik məqsədlər üçün ingilis dili” təlimlərinin universitetimiz üçün əhəmiyyətini xüsusi vurğuladı. Qeyd etdi ki, 21 fevral 2022-ci il tarixindən ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşəbbüsü ilə “Fellowship” proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetinin akademik heyəti üçün keçirilən təlimlərin ikinci mərhələsində 7 fakültədən 22 nəfər sertifikata layiq görülmüşdür. Onların təqdim olunması üçün SDU-ya gəlmiş ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə müşaviri Geoffrey Anismanı və “Virtual ingilis dili” proqramının meneceri Səbinə Abdullayevanı salamlayaraq tədbir iştirakçılarına təqdim etdi, təlimlərin təşkilində göstərdiyi dəstəyə görə ABŞ-ın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Lee Litsenbergerə salamlarımızı və minnətdarlığımızı çatdırmağı xahiş etdi. 
Sonra söz cənab G.Anismana verildi. O da öz növbəsində bu il ABŞ və Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə diqqət çəkərək, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişafından, SDU ilə son dövrdə yaranmış yaxın əlaqələrdən danışdı. 
Daha sonra ingilis dilinin tədrisi metodikası və “TESOL” üzrə mütəxəssis Maykl Moak tərəfindən aparılan təlimin yekununda onlayn test, çalışma və essedən ibarət yekun imtahan keçirildi və müvəffəqiyyət göstəricisi yüksək olan iştirakçılara sertifikatlar təqdim olundu.
Görüşdə fakültə dekanları, kafedra müdirləri, “Akademik ingilis dili” təlimlərinin 2-ci mərhələsini uğurla başa vuran universitet əməkdaşları iştirak etdilər. 
Sonda xatirə şəkli çəkildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az