Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Çinin Heksi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
SDU ilə Çinin Heksi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
İİyulun 13-də Sumqayıt Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Heksi Universiteti arasında onlayn formatda əməkdaşlıq müqaviləsi imzalandı. 
Heksi Universitetinin prorektoru Zanq Yunun moderatorluğu ilə keçən onlayn görüş universitetin rektoru Zanq Haninin çıxışı ilə başladı. 
Rektor Heksi universitetinin tarixi, akademik imkanları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verərək beynəlxalq əlaqələrin universitetlərin inkişafındakı rolundan, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs etdi. O, Azərbaycanla Çin arasında olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrindən də söz açaraq qarşılıqlı mübadilələrin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.
Daha sonra  Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov  iştirakçıları  salamlayaraq, SDU-nun fəaliyyətindən və  beynəlxalq əlaqələrindən danışdı. Bildirdi ki, SDU beynəlxalq  əlaqələrini gündən-günə genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq, yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Rektor keçirilən görüşün və imzalanan müqavilənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı. Eyni zamanda rektor professor Elxan Hüseynov  Çin ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illik tarixə malik olduğunu da iştirakçıların diqqətinə çatdıraraq bu yubiley münasibətilə qarşı tərəfi təbrik etdi. Azərbaycanla Çin arasındakı dostluq münasibətlərinin  bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirən rektor hər iki ölkə arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfələr verəcəyini vurğuladı.
SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev də imzalanan müqavilənin hər iki universitetin beynəlmiləlləşmə sahəsində atılan uğurlu addım olduğunu bildirərək əməkdaşlıqda uğurlar arzuladı. 
Qarşılıqlı faydalılıq prinsipi əsasında iki universitet arasında əməkdaşlıq və akademik mobillik imkanlarını  nəzərdə tutan  əməkdaşlıq müqaviləsini Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov və Heksi Universitetinin rektoru Zanq Hani  imzaladı və xatirə şəkilləri çəkildi. 
Əməkdaşlıq müqaviləsi çərçivəsində SDU-da “Konfutsi İnstitutu”nun (məktəbin) yaradılması da müzakirə olundu.
Rektor professor  Elxan Hüseynov universitetdə “Konfutsi İnstitutu”nun açılmasının Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsinə və iki ölkə arasında humanitar əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd etdi. 
Qeyd edək ki, Konfutsi  çinli bir filosof, müəllim və siyasətçi idi. Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə məktəbinin yaradıcısı Konfutsi (e.ə. 551-479-cu illər) əsasən böyük filosof, konfutsizm fəlsəfi cərəyanının banisi kimi tanınır. Lakin o həm də təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə Çinin ilk böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub-saxlayan unikal ölkə kimi tanınır. Çinşünas alimlərin qənaətinə görə, Konfutsi təlimi Çinə tarixi və mədəni şüur bəxş edib. Onun yanaşmalarının təhsildə, əxlaqi və sosial normalarda, eləcə də  hökumətə rəhbərlik yolunda böyük təsirləri olmuşdur.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az