Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olundu
SDU-da “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olundu
Bildiyimiz kimi, 26 İyun Narkotik Vasitələrinin Sui-istifadəsi və Qanunsuz Dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”dür. Bu münasibətlə iyunun 30-da Sumqayıt Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olundu.
Seminar Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019‒2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə həyata keçirilib. 
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent  Elmar Xəlilov açaraq narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.  İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 İyun – Narkomaniyaya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Bu istiqamətdə ölkəmizdə müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.
Sonra Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilov, kafedranın baş müəllimi Gülnarə  Ələkbərli çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışdılar. İştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verdilər. 
Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Elmin Novruzlu və  digər tələbələr belə tədbirlərin keçirilməsinin gənclərin maarifləndirilməsi istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd etdilər və bildirdilər ki, narkotik vasitələrin zərərləri barədə ətraflı məlumatlar sayəsində gənclər həyatlarında doğru seçim edə biləcəklər. Çünki gənclərin bugünkü seçimləri gələcəkdəki həyatlarını müəyyənləşdirəcək. Narkomaniya isə  gələcəyi olmayan həyat deməkdir.
Seminarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın aparılmasına dair videoçarx nümayiş etdirildi və mövzu ətrafında müzakirələr aparıldı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az