Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyətinin Ufaya işgüzar səfəri yekunlaşdı
SDU-nun nümayəndə heyətinin Ufaya işgüzar səfəri yekunlaşdı
Daha öncə də məlumat verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti 22‒29 may 2022-ci il tarixlərində Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının birgə fəaliyyəti çərçivəsində Ufa şəhərində işgüzar səfərdə oldular. 
Səfərin məqsədi Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) ilə əməkdaşlığın genişləndirilməsi, Ufa Dövlət Aviasiya Texniki Universitetindən (UDATU) təklif olunan ikitərəfli əməkdaşlıq müqaviləsinin detallarının müzakirəsi, Ufada yaşayan azərbaycanlı soydaşlarımızla əcnəbi vətəndaşların SDU-ya qəbul qaydaları ilə bağlı məlumatlandırma sessiyasının keçirilməsi və 24‒27 may 2022-ci il tarixlərində keçirilən “Qaz Neft Texnologiyalar”  30-cu yubiley sərgi-forumunda iştirak etmək idi. 
Sərgidə Rusiyanın 35 regionu və Belarus Respublikasından 13 assosiasiya və birlik təmsilçiləri, 250 şirkət, 21 elmi müəssisə iştirak edirdi. Elm və təhsil mərkəzlərinin iştirakı ilə biznes proqramları tədbirləri çərçivəsində 25 may 2022-ci il tarixində UDNTU-nun rektoru Oleq Baulininin moderatorluğu ilə baş tutan “Ali təhsil müəssisələrinin peşəkar kadrların hazırlanması işində inteqrativ yanaşmalar‒2030: perspektivlər, planlar və həll yolları” bölməsində prorektor Qafar Atayev məruzə ilə çıxış etdi.
Nümayəndə heyətinin tərkibinə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev (nümayəndə heyətinin rəhbəri), Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov, Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov və Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev daxil idi. 
26 may 2022-ci il tarixində əməkdaşlarımız UDATU-da oldular. SDU ilə tətbiqi elmlər sahəsində əməkdaşlığı planlaşdırılan UDATU-nun tədris imkanları, auditoriya və laboratoriyaları ilə tanış oldular, universitet rəhbərliyi ilə müəllim-tələbə mobilliyi, birgə konfrans və simpoziumların təşkili, ikili diplom proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə etdilər. 
27 may 2022-ci il tarixində nümayəndə heyəti UDNTU-nun nəzdində fəaliyyət göstərən Salavat Neft Texniki İnstitutunda oldular. 
Daha sonra nümayəndə heyətimiz Başqırdıstanın Ufa şəhərində  yaşayan azərbaycanlılarla görüşdü. Tədbirdə əcnəbi vətəndaşların SDU-ya qəbul qaydalarını, universitetin maddi-texniki bazasını, keyfiyyətli tədris üçün zəngin akademik imkanları əks etdirən broşürlər, suvenirlər paylanıldı. 
28 may 2022-ci il tarixində Ufa şəhərinin Aksakov adına mərkəzi parkında Başqırdıstan Mədəniyyət Nazirliyi, “Dostluq evi” və Ufada yaşayan azərbaycanlıların Diaspor nümyəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti günləri” keçirildi. SDU-nun nümayəndə heyəti tədbirə fəxri qonaq qismində dəvət olundular. Görüşdə çıxış edən SDU-nun prorektorları:  Qafar Atayev və Əsəd Məmmədov tədbir təşkilatçılarına öz minnətdarlıqlarını bildirərək həmin gün ölkəmizdə qeyd olunan 28 May- Müstəqillik Günü münasibətilə də soydaşlarımızı təbrik etdilər.
Tədbirdə Başqırdıstan Respublikasının mədəniyyət naziri A.İ.Şafikova, nazirin birinci müavini N.M.Lapşina, UDNTU-nun Neft və qazın nəqli və saxlanılması kafedrasının professoru R.N.Baxtizin və digər xalqların nümayəndələri də  iştirak  edirdilər. 
Qeyd edək ki, “Azərbaycan mədəniyyəti günləri” Ufa yerli televiziya kanalları və KİV tərəfindən geniş işıqlandırılmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az