Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da akademik Ziyad Səmədzadənin beşcildliyinin təqdimatı keçirildi
SDU-da akademik Ziyad Səmədzadənin beşcildliyinin təqdimatı keçirildi
Mayın 25-də Sumqayıt Dövlət Universitetində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq tədbir iştirakçılarına universitetin rektoru, professor Elxan Hüseynovun salamını çatdırdı, “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin işıq üzü görməsi münasibətilə akademik Ziyad Səmədzadəni təbrik etdi, yeni nəşrin əhəmiyyətindən və özəlliklərindən söz açdı. Bildirdi ki, uzun illər iqtisadiyyat sahəsində sanballı araşdırmalar aparan, özünəməxsus tədqiqatçılıq məharəti ilə seçilən görkəmli alim, akademik Ziyad Səmədzadə öz yaradıcılığı ilə iqtisad elmində yeni səhifələr açmışdır. Çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, cəmiyyətdə böyük nüfuz qazanmış, ictimai həyatdakı fəallığı ilə xalqın sevimlisinə çevrilmiş Ziyad Səmədzadə elmin ən uca mərtəbələrini fəth etmişdir.
Akademikin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi  ölkənin 100 illik tarixi inkişaf yolunun iqtisadi tərəfinə işıq salır. Azərbaycan iqtisadiyyatına və iqtisadi tarixinə dair sanballı tədqiqatların müəllifi olan akademik Ziyad Səmədzadənin çoxillik elmi yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Prorektor onu da diqqətə çatdırdı ki, iqtisadi beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə iştirakçıları salamladı, kitabın ərsəyə gəlməsindən, apardığı tədqiqat işlərindən danışdı. Bildirdi ki, beşcildliyinin ərsəyə gəlməsində əsas məqsəd Ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndirdiyi fikirlər, təklif və tövsiyyələr olub. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən Ulu öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb.
Tədbirdə çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev, Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və digər natiqlər “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az