Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti” mövzusunda tədbir keçirildi
SDU-da “Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti” mövzusunda tədbir keçirildi
Mayın 23-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Tarix və coğrafiya fakültəsində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olaraq, “Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti” mövzusunda  tədbir keçirildi.
Tədbiri giriş sözü ilə professor Adil Bəxşəliyev açaraq bildirdi ki, günümüzdə sosial şəbəkələr aktual məsələlər sırasındadır. Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Hər kəs sosial şəbəkədən yararlanır. Şəbəkədən istifadə müsbət və ya mənfi yönümlü ola bilər. Şəbəkənin inkişafı informasiya bolluğuna, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır.
 Dekan onu da vurğuladı ki, sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti təkcə tələbələrə deyil, xüsusilə də gələcəkdə pedaqogika, maarifçilik, jurnalistika və digər sosialyönümlü sahələrdə çalışacaq gənclərə, eləcə də şəbəkələrə xəbər, məlumat mənbəyi kimi yanaşan media nümayəndələrinə aşılanmalıdır. İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir.
Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının dosenti Kəmalə Salamovanın “Sosial şəbəkələrin gənclərdə yaratdığı təsirlər”, Fəlsəfə, politologiya və sosiologiya kafedrasının dosenti Cavid Məmiyevin   “Sosial qarşılıqlı formalaşmada internetin rolu”, kafedranın  əməkdaşı Nərgiz Yusifovanın   “Onlayn ödənişlər və kiber təhlükəsizlik” və digər aktual mövzularda məruzələri dinlənildi. Bildirildi ki, internet və sosial media gənclərin həyatında mühüm rol oynayır, ünsiyyət və asudə vaxtkeçirmə vasitəsi kimi çıxış edir. Sosial şəbəkələrdə uzun müddət qalmaq çox vaxt gəncləri şəxsiyyətin hərtərəfli inkişafı üçün zəruri olan real ünsiyyətdən yayındırır. Baxmayaraq ki, gənclərin əksəriyyəti hələ də virtual ünsiyyətdən daha çox real ünsiyyətə üstünlük verirlər. 
Sonra mövzu ətrafında müzakirə aparıldı, müxtəlif fikirlər səsləndirildi. Real həyatda olduğu kimi, virtual aləmdə də ədəb qaydalarının, dilimizin normalarının qorunmasının üstünlüyü vurğulandı.
Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, onun müsbət və mənfi tərəflərini əks etdirən videoçarx nümayiş olundu.
Qeyd edək ki, tədbir  “ON1000” Tələbə Gənclər Təşkilatlarının dəstək proqramı çərçivəsində keçirilib. “ON1000” Tələbə Gənclər Təşkilatlarının dəstək proqramı, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “ON1000” Tələbə Gənclər Təşkilatlarının təhsil müəssisəsidaxili fəaliyyətlərinin stimullaşdırılması, institusional baza və koordinasiyalı fəaliyyətin formalaşdırılmasına dəstək proqramıdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az