Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin müəlliminin kitab təqdimatı keçirildi
Universitetimizin müəlliminin kitab təqdimatı keçirildi
Mayın 22-də “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi və PELC-in dəstəyi ilə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, tərcüməçi-yazar Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimat mərasimi keçirildi. 
Təqdimat mərasimində müəllifin qələm yoldaşları, dostları, oxucuları və tələbələri ilə yanaşı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı Kənan Hacı, tanınmış telejurnalist Hikmət Yaqubov, yazar Azər Qismət, şairə Gülnarə İsrafil, Nazlı Çələbi, jurnalist Ülkər Piriyeva, SDU-nun Gənc alimlər şurasının sədri dosent Xəyalə Mikayılova və digər şəxslər çıxış etdilər.
Çıxışçılar öz nitqlərində milli-mənəvi dəyərlərin, vətənpərvərlik və dövlətçilik ideyalarının gənc nəsillərə aşılanması və qorunub-saxlanılmasının zəruriliyini vurğulayaraq qeyd etdilər ki, gənclərin milli-mənəvi ruhda yetişməsi üçün belə kitabların yazılması olduqca mühüm əhəmiyyət kəsb edir.
 “Onun hekayəsi” kitabı gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, eləcə də gənclər arasında mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində vacib rol oynayacaq.
Çıxışlar həmçinin qeyd etdilər ki, yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanması qələm adamlarının da qarşısında duran ən vacib vəzifələrdən biri olmalıdır. Ona görə də məhz bu cür bədii nümunələr toplusunun gənclərin şəxsiyyət kimi formalaşmasında rolu danılmazdır. Kitabda Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş bədii nümunələr, eləcə də vətənpərvərlik və dövlətçilik mövzusunda yer almış şeir və hekayələr təqdim olundu.
Qeyd olundu ki, oxucular bu kitabda hekayəyə çevrilmiş insan taleləri, müasir insan və cəmiyyət haqqında səliqəli düşüncələrin qələmə alındığı esselər və könül söhbətləri sayılacaq şeirlər ilə tanış olacaqlar.
 Məlumat üçün bildirək  ki,  “Onun hekayəsi” Əli Rzazadənin sayca yeddinci kitabıdır.
Bundan öncə müəllifin “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Nurdan zərrələr” adlı əsərləri işıq üzü görüb.
Əli Rzazadənin ilk dəfə ərəb dilində çap olunmuş “Xocalıya ədalət” əsəri də bir sıra ərəb ölkələrində oxuculara təqdim edilib.
Xatırladaq ki, Əli Rzazadə 1981-ci il may ayının 23-də Masallı rayonunun Viləş kəndində (keçmiş Kalinovka) anadan olub. O, Şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. Ə.Rzazadə hazırda pedaqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirir. 
Bu gün dəyərli həmkarımızın doğum günüdür. Onu ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzu edirik! 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az