Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Respublika elmi konfransı keçirildi
SDU-da Respublika elmi konfransı keçirildi
Aprelin 28-də  Sumqayıt Dövlət Universitetində “Qloballaşma şəraitində müəllim şəxsiyyətinin formalaşdırılmasında pedaqogika və psixologiya elmlərinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı onlayn formatda öz işinə başladı.
Konfransda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak etdilər. 
Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın mövzusunun aktuallığından bəhs edərək millətin inkişafında müəllim şəxsiyyətinin formalaşdırılmasına təsir göstərən müsbət amillərdən söz açdı. Bildirdi ki, yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiyyətdə özünü göstərən bu və ya digər proseslər müəllim şəxsiyyətinin formalaşmasına təsir göstərir. Bu kontekstdə müəllim şəxsiyyətinin formalaşdırılması məsələsi də müasir pedaqogika və psixologiya elmlərinin aktual problemlərindən birinə çevrilib. Məhz buna görə də konfransın əsas məqsədi pedaqogika və psixologiya elmlərinin müəllim şəxsiyyətinin formalaşmasında, müəllim hazırlığında, tədrisin səviyyəsinin yüksəldilməsində, müəllimin peşəkarlığının və səriştəliliyinin yüksəldilməsində rolunu və yerini müəyyən etməkdir.
Prorektor onu da bildirdi ki, tarixboyu cəmiyyətin inkişafında müəllimin rolu əvəzedilməzdir. Müasir cəmiyyətdə müəllim yüksək nəzəri biliklərə, mədəniyyət və mərifətə, pedaqoji etikaya və takta malik yetkin bir şəxsiyyətdir. Müəllim elə mötəbər, elə aqil, elə kamil adamdır ki, hər bir valideyn öz övladlarının tərbiyəsini ona etibar edir. Müəllim isə bu "qiymətli sərvət"i pedaqoji fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün, millət üçün yararlı vətəndaş kimi formalaşdırır. Ona görə də gənclərimizi şəxsiyyət kimi formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək olmalıdır.
Bütün  tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları  müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi  cəmiyyətin ən  şərəfli  peşəsi hesab etmişlər. XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz  xüsusi dəyəri, əhəmiyyəti və  peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Bu qiymətli sözlər Ulu öndərimizin  müəllimlik peşəsinə sıx bağlı  və  yaxından bələd olmasından,  ilk peşə ixtisasının  müəllimlik və ilk vəzifə təyinatının da müəllimlik olmasından irəli gəlir.
Konfransda Bakı Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru Hikmət Əlizadə “Müəllimin  portret cizgilərinin iki səhifəsi”, Bakı Dövlət Universitetinin professoru, psixologiya elmləri doktoru Elnarə Şəfiyeva “Məktəb  mühitindəki  bullinqin yeniyetmə şəxsiyyətinin formalaşmasına təsiri”, Sumqayıt Dövlət  Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Pedaqogika və psixologiya kafedrasının müdiri Aytəkin Məmmədova “İnklüziv təhsildə müəllim peşəkarlığı” mövzularında məruzələrlə çıxış etdilər. Mövzu ilə bağlı müasir elmi yanaşmalardan bəhs edən məruzəçilər müasir cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyət amili barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, pedaqoji fəaliyyətdə peşəkarlıq və səriştəlilik müəllimi əsl yaradıcı, novator və peşəkar müəllim kimi xarakterizə edən keyfiyyətlərdir.
Konfransın sonrakı işi haqqında məsul katib, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent  Aytəkin Məmmədova  məlumat verdi. Qeyd etdi ki, konfransda iştirak etmək üçün respublikanın görkəmli elm xadimlərini, alimləri, tədqiqatçıları, təhsil işçiləri və müəllimləri əhatə edən 22 ali, orta ixtisas və hətta ümumtəhsil məktəbi də daxil olmaqla 146 nəfər məqalə göndərmişdir. Onlardan 19 nəfərin məqaləsi plagiat olduğu üçün qəbul edilməmiş və bu barədə müəlliflər məlumatlandırılmışdır. 127 müəllifin məqaləsi isə məqbul hesab edilmiş və konfransın proqramına daxil edilmişdir. Konfrans 5 bölmə üzrə işini iki gün ərzində davam etdirəcəkdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az