Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş onlayn formatda elmi-praktik vebinar keçirildi
SDU-da “Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş onlayn formatda elmi-praktik vebinar keçirildi
Aprelin 22-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə  Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş 
onlayn formatda elmi-praktik vebinar keçirildi.
Vebinarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhəri 4 saylı Regional İdarəsinin rəisi Fərid Piriyev, “Azərikimya” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Oqtay Tağıyev,  12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vüsal İbrahimli,  Sumqayt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbər və əməkdaşları, eləcə də  Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak etdilər.   
Vebinarı giriş sözü  ilə  Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova açaraq iştirakçıları salamladı və  tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, planetimizin ekoloji baxımdan qorunması, ətraf mühitin mühafizəsi və bu işdə tələbələrin bilavasitə iştirakı, həmçinin onların ekoloji maarifləndirilməsi günün aktual məsələlərindən biridir. Bu bayram ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunmuşdur. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Beynəlxalq Yer Kürəsi Günü əvvəllər "Ağac Günü" adı ilə qeyd olunmuşdur. Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. Hər il dünya ölkələrinin alimləri bu gündə dəyirmi masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırdılar. Bununla bağlı müxtəlif ölkələrdə fərqli-fərqli aksiya və tədbirlər keçirilirdi. XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycanda da bu bayram yüksək səviyyədə qeyd olunur. Belə ki, universitetlərdə, tədris ocaqlarında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan bütün qurumlarda bu bayram xüsusilə qeyd edilir, o cümlədən milli parkların şəbəkəsi genişləndirilir. 
2003-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağ göl Milli Parkı yaradılmışdır. Bu ənənə respublikamızda hər il yenilənir. Bu istiqamətdə biz də dünyamızı, Yer kürəmizi, öz yurdumuzu qorumaqda əlimizdən gələni əsirgəməyək!
Vebinarda “Azərikimya” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Oqtay Tağıyev  çıxış edərək sənaye müəssisələrinin ətraf mühitə vurduğu zərərdən, ekoloji tarazlığın  pozulmasından və cəmiyyətin sağlamlığına dəyən ciddi zərərdən danışdı. 
12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vüsal İbrahimli çıxış edərək işğaldan azad olunmuş torpaqlarımızın bugünkü durumu haqqında, o cümlədən torpaqların zərərli maddələrlə çirkləndiyi, müharibə dövründə istifadə olunmuş kimyəvi zəhərli silahların torpaqları, çayları nə dərəcədə çirkləndirdiyini, həmin ərazilərin biomüxtəlifliyinin tamamilə məhv olması və s. bu kimi məsələlər barədə məlumat verdi. 
Vebinarda həmçinin fəal magistrant və tələbələr Beynəlxalq Yer kürəsinə aid slayd vasitəsi ilə maraqlı məruzələr etdilər.
Vebinar müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az